ABŞ Konqresi Üzvlərinin İspandilli Fraksiyası İnstitutunun təntənəli gecəsi olmuşdur
Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanov ABŞ Konqresi Üzvlərinin İspandilli Fraksiyası İnstitutunun sədri, konqresmen Ruben İnoxosun dəvəti ilə bu institutun 36-cı ənənəvi təntənəli gecəsində iştirak etmişdir.
Fraksiyanın hər il təşkil etdiyi bayram gecəsində institut ABŞ-ın ispandilli icmasının, habelə Amerika iqtisadiyyatı, mədəniyyəti və təhsilinin sürətlə inkişaf etməsində xüsusi xidməti olan icma nümayəndələrinə mükafatlar təqdim edir.
Konqresmen Ruben İnoxos gecəni açdıqdan sonra bir neçə qanunverici və ispandilli icmanın nümayəndəsi çıxış etmişdir. Sonra icmanın görkəmli üzvlərinə üç kateqoriyada - 2013-cü ilin mükafatları təqdim olunmuşdur. Konqresin Üzvlərinin İspandilli Fraksiyası İnstitutu sədrinin medalı ABŞ-ın cənub ştatlarında tanınan doktor, Texas Universitetlər Sisteminin prezidenti Fransisko Qonsales Siqarroaya, təhsil, elm, təbabət və vətəndaş hüquqları sahəsində Amerikanın fərqlənmə arzusu medalı ABŞ-ın İspandilli İcmasının Liderlik İnstitutunun prezidenti, doktor Xuan Andradedəyə, incəsənət, əyləncə, musiqi və idman sənayesi sahəsində fərqlənmə medalı məşhur aktrisa, rejissor və prodüser Salma Xayekə verilmişdir. Gecə Puerto-Riko müğənnisi və Emmi mükafatının sahibi Olqa Tanyonun konserti ilə yekunlaşmışdır.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov üç minlik auditoriyaya fəxri qonaqlar sırasında təqdim olunmuşdur. Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ABŞ-dakı nümayəndəliyinin başçısı Rauf Məmmədov və Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova da iştirak etmişlər.
Birləşmiş Ştatların ən iri azlıqlarından biri olan ispandilli icmanın nümayəndələri ABŞ-ın siyasi və sosial həyatında getdikdə daha böyük yer tuturlar. Məsələn, artıq Kaliforniya ştatında əhalinin çox hissəsini ispandillilər təşkil edirlər.
< Əvvəlki | Növbəti > |
---|