
Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar 16 saylı Yasamal II Seçki Dairəsi dairə seçki komissiyasının Tbilisidəki 33 nömrəli seçki məntəqəsində seçkilər mütəşəkkilliklə başa çatıb.
Gürcüstan vaxtı ilə səhər saat 08.00-da açılan seçki məntəqəsində ilk səs verən Azərbaycanın Gürcüstandakı səfiri və məntəqənin sədri Azər Hüseyn olub, sonra ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və qeydiyyatda olan digər seçicilər səs veriblər.
Səsvermə səfirliyin yeni binasında keçirilir. Məntəqədə daha əvvəl 275 nəfər seçici qeydiyyatdan keçib. Bu siyahıya seçki ərəfəsində Tbilisi şəhərinə gələn azərbaycanlı qonaqlar, şirkət nümayəndələri, tələbələr, turistlər və Tbilisidə müvəqqəti yaşayan Azərbaycan vətəndaşları da əlavə olunub və seçicilərin sayı 435 nəfərdən çox olub.
“Dəmir Yol Servis”in Gürcüstan nümayəndəliyinin icraçı direktoru İsmayıl Sadıqov bizimlə müsahibəsində qeyd edib ki, belə bir məsul kampaniyada ilk dəfədir iştirak edirəm. O, Azərbaycandan kənarda belə yüksək səviyyədə seçki məntəqəsinin təşkil olunmasından məmnunluq duyduğunu bildirib.
Azərbaycanın Batumidəki Baş Konsulluğunun əməkdaşları da səsvermədə iştirak ediblər.
Seçki məntəqəsinin sədri Azər Hüseyn seçicilərin böyük fəallığının müşahidə olunduğunu, heç bir pozuntuya yol verilmədiyini deyib.