Yekaterinburqda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə “Azərbaycan Respublikası” mövzusunda daimi sərgi ekspozisiyası açılmışdır
Oktyabrın 16-da Yekaterinburq rəhbərinin kitabxanasında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə “Azərbaycan Respublikası” mövzusunda daimi fəaliyyətdə olan sərgi ekspozisiyasının açılış mərasimi keçirilmişdir.
Azərbaycanın Yekaterinburqdakı baş konsulluğundan AzərTAc-a bildirmişlər ki, bu, Yekaterinburq rəhbəri kitabxanasının Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin, Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulluğunun və Yekaterinburq Şəhəri Administrasiyasının təşəbbüsü ilə həyata keçirilən yeni layihəsidir.
Ekspozisiyada respublikanın həyatının müxtəlif sahələrini əks etdirən ədəbi nəşrlər, videomateriallar və CD-disklər, ümummilli lider Heydər Əliyev, Azərbaycan dövlətinin tarixi, mədəni irs, incəsənət haqqında kitablar və s. nümayiş olunmuşdur. Ekspozisiyanın kitabxanaya gələnlərə Azərbaycan Respublikası ilə tanışlıq imkanı yaradan fondu gələcəkdə müntəzəm şəkildə təkmilləşəcəkdir.
Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu Sultan Qasımov mərasimi açaraq qeyd etmişdir ki, yeni ekspozisiya Azərbaycan və Sverdlovsk vilayəti arasında dostluq münasibətlərinin genişlənməsinin növbəti mərhələsi olmuşdur. O, respublikamız və vilayət arasında iqtisadi və humanitar sahələrdə münasibətlərin inkişafından danışmışdır.
< Əvvəlki | Növbəti > |
---|