Koreya Respublikasının mətbuatı Azərbaycanda keçirilmiş prezident seçkiləri barədə yazır
Koreya Respublikasının nüfuzlu ingilis dilli “The Korea Herald” qəzeti və ölkənin əsas xəbər-axtarış portalı olan “Naver” Azərbaycanda keçirilmiş prezident seçkiləri haqqında məqalələr yaymışdır.
Məqalələrdə prezident seçkiləri haqqında ətraflı məlumat verilmiş, seçicilərin, məntəqələrin, səsvermədə iştirak etmiş seçicilərin, yerli və xarici müşahidəçilərin sayı qeyd olunmuş, seçkilərin nəticəsi olaraq hazırkı Prezident İlham Əliyevin böyük səs çoxluğu ilə üçüncü dəfə dövlət başçısı seçildiyi bildirilmişdir.
Seçkiləri izləyən xarici müşahidəçilərin, o cümlədən Koreya Respublikasından müşahidəçilərin rəylərinə istinad edən müəlliflər yazır ki, ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazenın seçkilərin ədalətli, azad və şəffaf hesab edərək, səsvermənin nəticələri ilə “exit-poll” sorğularının nəticələrinin eyni olduğunu bildirmişdir.
Azərbaycanın Seuldakı səfirliyinin yerli kütləvi informasiya vasitələri üçün hazırladığı məlumata da yer verən Koreya mətbuatı yazır ki, seçkiləri müşahidə etmiş Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədri Çunq Euy-Yonq (Koreya Respublikası) da ümumilikdə seçkilərin dinc, şəffaf, heç bir müdaxilə olmadan keçdiyini bəyan etmişdir. Bundan başqa, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, MDB-nin, İslam Əməkdaşlıq Təşkilatının missiyaları, habelə ABŞ-dan olan müşahidəçilər də seçkilərin azad, ədalətli və şəffaf keçdiyi qənaətindədirlər.
< Əvvəlki | Növbəti > |
---|