Gürcüstan parlamenti hökumətin yeni tərkibinə etimad göstərmişdir

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstan Konstitusiyasında edilmiş dəyişikliyə müvafiq olaraq ölkənin yeni seçilmiş prezidenti Georgi Marqvelaşvilinin noyabrın 17-də keçirilmiş inauqurasiyasından sonra hökumət tam tərkibdə istefaya getmişdir.
2012-ci ilin oktyabrında keçirilmiş parlament seçkilərində ən yüksək nəticə qazanmış hakim “Gürcü arzusu” koalisiyasının üzvləri siyasətdən mülki cəmiyyətə keçdiyini bəyan etmiş Baş nazir Bidzina İvanişvilinin əvəzinə bu vəzifəyə daxili işlər naziri İrakli Qaribaşvilinin namizədliyini irəli sürmüşdür. İ.Qaribaşvilinin hökumətin yeni tərkibini və yeni komandanın “Güclü, demokratik, bütöv Gürcüstan uğrunda” proqramını parlament üzvlərinin müzakirəsinə təqdim etmişdir.
İrakli Qaribaşvili hökumətin gələcək fəaliyyət proqramı barədə ətraflı məlumat vermiş, ölkənin siyasi kursunun dəyişməyəcəyini vurğulamış və deputatların çoxsaylı suallarını cavablandırmışdır.
Təxminən səkkiz saatadək davam edən müzakirələrdən sonra deputatlar parlamentin növbədənkənar sessiyasında 93 səs lehinə, 19 səs əleyhinə olmaqla hökumətin yeni tərkibini təsdiq etmişlər.
Yeni hökumətdə Baş nazir vəzifəsini tutmuş İrakli Qaribaşvilinin əvəzinə Gürcüstanın daxili işlər naziri vəzifəsinə Tbilisi şəhər baş polis idarəsinin rəisi polis polkovniki Aleksandr Çikaidze təyin olunmuşdur. Hökumətin 19 üzvü arasında yeganə dəyişiklik də yalnız budur. Digər nazirlər öz vəzifələrində qalmışlar.