Dünənin, bu günün və sabahın partiyası
Astara şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmişlər.
Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirmişdir ki, müstəqil Azərbaycanın tərəqqisi və inkişafında əvəzsiz rolu olan Yeni Azərbaycan Partiyasının ildönümü ölkəmizin hər yerində təntənə ilə qeyd olunur. Partiyanın yaranmasının Azərbaycanın ən çətin dövrünə təsadüf etdiyini vurğulayan Q.Ağayev YAP-ın torpaqlarımıza erməni işğalçıları tərəfindən təcavüz olunduğu, soydaşlarımızın doğma yurd-yuvalarından didərgin düşdüyü, ölkədə xaos, hərc-mərclik şəraitinin hökm sürdüyü bir vaxtda təsis olunduğunu diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, ölkəni müharibə alovunun bürüdüyü həmin illərdə Naxçıvan Ali Sovetinin sədri seçilən Heydər Əliyev muxtar respublikanın blokada şəraitində yaşamasına baxmayaraq, əhalini aclıq təhlükəsindən xilas etmiş, bir qarış torpağın da işğalına imkan verməmişdir. Şəxsi nüfuzu, siyasi uzaqgörənliyi ilə dünya ölkələrinin diqqətini Azərbaycana və Naxçıvana yönəldə bilən bu böyük siyasi xadim, qonşu Türkiyə və İranla isti münasibətlər yaradaraq Naxçıvan əhalisini hər cür təhlükədən xilas edə bilmişdir.
Diqqətə çatdırılmışdır ki, yaranmış ağır vəziyyəti düzgün qiymətləndirən ziyalılar Azərbaycan xalqı adından ölkəmizi mövcud fəlakətdən qurtarmaq üçün ümummilli lider Heydər Əliyevə müraciət etmişlər. Görkəmli və mahir siyasətçi Heydər Əliyev onların müraciətini müsbət cavablandıraraq Yeni Azərbaycan Partiyasının yaradılmasına və bu partiyaya rəhbərlik etməyə razılıq vermişdir. 1992-ci il noyabrın 21-də təsis olunan Yeni Azərbaycan Partiyası Heydər Əliyevin rəhbərliyi ilə ən böyük siyasi qüvvəyə çevrilmişdir.
Bu gücü sıralarında yarım milyondan çox insanı birləşdirən Yeni Azərbaycan Partiyası ölkənin ən nüfuzlu və ən güclü siyasi qüvvəsi kimi ölkəmizin siyasi həyatında mühüm yer tutmaqla, xalqın inamını və etimadını ləyaqətlə doğruldur.
Q.Ağayev xatırlatmışdır ki, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev ölkəyə rəhbərliyi dövründə Astaraya altı dəfə səfər etmiş, rayonun sosial-iqtisadi məsələlərinin həlli üçün çox önəmli sərəncamlar imzalamışdır.
Toplantıda çıxış edənlər dünənin, bu günün və sabahın partiyası olan YAP-ın yaranma tarixindən, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən danışmış, böyük rəhbərin siyasi xəttinin Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini diqqətə çatdırmışlar.
Tədbirin sonunda YAP sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunmuşdur.
< Əvvəlki | Növbəti > |
---|