Media rəhbərləri Azərbaycan prezidenti ilə görüşə münasibət bildiriblər

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

“Bu görüşü nəinki media, o cümlədən ölkə ictimaiyyəti də əhəmiyyətli hadisə kimi dəyərləndirir. Azərbaycan prezidenti birmənalı şəkildə bildirdi ki, ölkədə söz və mətbuat azadlığını yüksək qiymətləndirir, bunu indiyə kimi dəstəkləyib, bundan sonra da dəstəkləyəcək”.


Bunu APA-ya açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevin aparıcı media nümayəndələri ilə görüşünə münasibət bildirən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə. Amaşov qeyd edib ki, prezident güclü dövlət olmağın atributlarından birinin də güclü mətbuat olduğunu xüsusi vurğulayıb: “Prezident çıxışında medianın cəmiyyətdəki bəzi neqativ hallarla bağlı, korrupsiyaya qarşı mübarizədə də rolunu yüksək qiymətləndirdi”.

Ə. Amaşov görüşü çox müsbət dəyərləndirib.

“Jurnalistlər seçdikləri dostla görüşdülər və səmimi şəraitdə kim nə düşünürdüsə, kim hansı problemin həllini vacib sayırdısa, açıq şəkildə dövlət başçısına çatdırdı. Dövlət başçısı da jurnalistlərin səsləndirdikləri fikirlərə münasibətini bildirdi, bəziləri barədə isə dərhal müvafiq tapşırıqlar verdi. Bu, çox müsbət haldır”. Bunu isə APA-ya açıqlamasında “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyib.

B. Sadıqov bildirib ki, ölkə başçısının toplantıdakı çıxışı xüsusilə yadda qalıb: “Professor Şirməmməd Hüseynovun dediyi kimi, dövlət başçısı jurnalistlərə prezident dərsi keçdi. Media-cəmiyyət, jurnalist-cəmiyyət münasibətləri, medianın daxili problemləri, qarşısında duran vəzifələr barədə fikirlərini ifadə etdi. Prezident mediada baş verən prosesləri izlədiyini bildirdi, mətbuatın inkişafı ilə bağlı arzularını çatdırdı”.

B. Sadıqov ölkə başçısı ilə görüşün çox faydalı olduğunu vurğulayıb və bu dostluğun davam edəcəyinə əminliyini ifadə edib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da APA-ya açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevin mətbuatla keçirdiyi görüşü mətbuat tarixində hadisə adlandırıb. Onun sözlərinə görə, “Jurnalistlərin dostu” mükafatının prezidentə təqdim olunması, prezidentin nitqi göstərdi ki, Azərbaycan prezidenti mətbuatın təkcə dostu yox, həm də böyük hamisidir: “Cənab prezidentin fikrindən aydın oldu ki, Azərbaycan mətbuatının inkişaf istiqamətlərini, ictimai həyatda rolunu yüksək qiymətləndirir. O hətta qeyd etdi ki, demokratik cəmiyyətin qurulmasında mətbuatı əsas vasitə kimi görür. Söz və mətbuat azadlığını əsas amillərdən biri kimi dəyərləndirir. Bu da Azərbaycan mətbuatına verilən ən böyük qiymətdir”.