Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası keçirilib
Bu gün Brüsseldə Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.
Toplantının yekunları əsasında keçirilən mətbuat konfransında AB-yə sədrlik edən ölkə olan Litvanın xarici işlər naziri Linas Linkyaviçyus bildirib ki, AB ilə Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir: “Biz Azərbaycanla AB arasında yaxınlaşmanı görməkdən məmnunuq”.
L. Linkyaviçyus Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda keçirilmiş görüşünü alqışlayıb və qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli AB-nin xarici siyasət prioritetlərindən biridir və Brüssel ATƏT-in Minsk Qrupunun dəstəklənməsi üçün daha çox iş görməyə hazırdır. O, Azərbaycan və AB-nin enerji əməkdaşlığını fəal inkişaf etdirdiyini söyləyib və “Şahdəniz” konsorsiumunun yekun investisiya qərarının dekabrın 17-də açıqlanmasını səbirsizliklə gözlədiklərini vurğulayıb. Tərəflər Transxəzər qaz xətti layihəsi üzrə müzakirələri davam etdirməyə qərar veriblər.
Qeyd edək ki, AB-Azərbaycan Əməkdaşlıq Şurasının iclasları ildə bir dəfə nazirlər səviyyəsində keçirilir və tərəflər arasında siyasi dialoqun tərkib hissəsidir. Əməkdaşlıq Şurası AB ilə tərəfdaş ölkələr arasında əməkdaşlıq və tərəfdaşlıq barədə sazişin yerinə yetirilməsi işini əlaqələndirir. Azərbaycan və AB arasında bu saziş 1999-cu ildən qüvvədədir.
< Əvvəlki | Növbəti > |
---|