Ərdoğan ordunu döyüşə hazır vəziyyətə gətirdi
Rusiyaya məxsus SU-24 bombardmaçı təyyarənin Türkiyə qırıcısı tərəfindən vurulmasından sonra Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriya ilə sərhəddə uçuşlar həyata keçirən hərbi təyyarələrin sayını artırıb.
ANS PRESS-in məlumatına görə, Baş Qərargahdan verilən açıqlamada bildirilir ki, Suriya sərhədində uçuşlar həyata keçirən Türkiyə Hava Qüvvələrinə məxsus F16 qırıcılarının sayı 18 ədədə çatdırılıb.
Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bütün quru və hava qoşun birliklərinə döyüşə hazırlıq əmri verib. “CNN Türk”ün məlumatına görə, bütün qoşun növlərində hazırlıq ən yüksək səviyyəyə çatdırılıb.
“Anadolu” agentliyi isə hərbi mənbələrinə istinadən məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri ölkənin qərb bölgəsindəki hərbi birləşmələrə məxsus 20 tankı Suriya ilə sərhədə göndərib.
“Ölkənin qərb regionlarında dislokasiya olunmuş 20 tank dəmiryolla ölkənin cənubundakı Qaziantep şəhərinə aparılıb. Həmin hərbi texnika buradan da hərbçilərin və polis qüvvələrin müşayiəti ilə Suriya sərhədinə yola salınıb” - deyə xəbərdə bildirilir.
Türkiyənin sərhədə aparılan ağır texnikası
Rusiya rəhbərliyi “Su-24” hərbi təyyarəsinin vurulmasından sonra Suriyadakı hərbi bazasına "S-400" zenit-raket kompleksi göndərməyi qərara alıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, hava hücumundan müdafiə sistemləri "Hmeymim" hərbi hava bazasına göndəriləcək.
Rusiya prezidenti Vladimir Putin "S-400" zenit-raket sistemləri ilə yanaşı "S-300" raketlərinin də Suriyaya göndəriləcəyini bəyan edib. Bu açıqlamadan qısa müddət sonra isə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Suriyada hərbi əməliyyatları davam etdirəcək.
Məlumat üçün bildirək ki, "S-400" raketləri 480 kilometr məsafədən hədəfə dəqiq zərbə vura bilir.
S-400 zenit-raket sistemləri
Putin ölkəsinin "Su-24" hadisəsinə ciddi şəkildə yanaşacağını bildirib. O bildirib ki, Rusiya bütün vasitələrini təhlükəsizliyin qorunması üçün səfərbər edəcək.
“Bizim Suriyada yerləşən hərbi bazamıza "S-300" havadan müdafiə kompleksi yerləşdiriləcək. Ümid edirəm ki, görülən bu və digər tədbirlər bizim uçuşların təhlükəsizliyini təmin edəcək”, deyə Putin bildirib.
< Əvvəlki | Növbəti > |
---|