Ulu öndər Heydər Əliyevin xatirəsi Gürcüstanda ehtiramla yad edilib
Gürcüstanda Ulu Öndər Heydər Əliyevin vəfatının 12-ci ildönümü münasibəti ilə anım mərasimləri keçirilib.
İlk öncə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və səfirliyin əməkdaşları Heydər Əliyevin Tbilisidəki büstünü ziyarət ediblər, önünə gül dəstələri qoyublar. Anım mərasimində vurğulanıb ki, 1993-cü ildə Heydər Əliyev yenidən hakimiyyətə qayıtmaqla, Azərbaycanın xilaskarı olub. Heydər Əliyevin nüfuzu, ağılı və bacarığı sayəsində Azərbaycan qısa müddət ərzində düzgün inkişaf yoluna qədəm qoyub. Heydər Əliyev öz müdrikliyi sayəsində müasir Azərbaycanın memarı hesab edilir. Qeyd olunub ki, o hər zaman Gürcüstanın dostu olaraq qaldı və bu xatirəni biz hər zaman qoruyub saxlayacağıq. Ona təşəkkür edirik ki, bu gün biz bir yerdəyik. Təşəkkür edirik ki, bu gün Azərbaycan və Gürcüstan çox düzgün istiqamətdə olan yolla gedirlər.
Sonra anım tədbiri Rustavi şəhərində davam etdirilib. Səfir və səfirlik əməkdaşları, habelə Rustavidə yaşayan azərbaycanlı ziyalılar şəhərdəki Heydər Əliyev adına parkın qarşısında ucaldılmış heykəlin önünə gül-çiçək dəstələri qoyublar. Anım mərasimində Ulu Öndərin zəngin siyasi fəaliyyətinə nəzər salınıb. Qeyd olunub ki , Heydər Əliyev Azərbaycanın çətin bir vaxtında, 1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, sabitlik yarandı, iqtisadi sahədə islahatlara başlandı, neft strategiyasının əsası qoyuldu, ölkəyə xarici sərmayə cəlb olundu, Azərbaycanın beynəlxalq nüfuzu artmağa başladı.Həmin dövrdə Heydər Əliyev rəhbərliyi öz üzərinə götürməsəydi, bugünkü müstəqil Azərbaycan da olmazdı. Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri danılmazdır. Ulu Öndərin ən böyük xidmətlərindən biri də özündən sonra Azərbaycanı layiqincə idarə edəcək bir siyasətçi -İlham Əliyev kimi rəhbər yetişdirməsidir. Sonra səfir Azər Hüseyn Rustavidə yaşayan və fəaliyyət göstərən bir qrup QHT rəhbəri, ziyalılar və gənclərlə görüşüb, onların problemləri ilə maraqlanıb.
Qeyd edək ki, növbəti anım tədbiri Bolnisi rayonunda olacaq. Tədbir Bolnisi Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçiriləcək.
< Əvvəlki | Növbəti > |
---|