Gürcüstan prezidenti hökuməti "Qazprom"la şəffaf danışıqlar aparmağa çağırıb
Gürcüstan prezidenti Georgi Marvelaşvili hökuməti Rusiyanın "Qazprom" şirkəti ilə şəffaf danışıqlar aparmağa çağırıb. "APA-Economics" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə başçısı parlamentdə hesabat xarakterli çıxışı zamanı bildirib.
"Bir daha ölkə başçısı kimi bildirirəm ki, biz qonşularımıza xoşməramlı münasibətə üstünlük veririk. Bu münasibətlərin təməlində ilk növbədə milli mənafeyimizə, ərazi bütövlüyümüzə göstərilən hörmət dayanmalıdır. Gürcüstan hökumətinin "Qazprom"la apardığı danışıqlar maksimum şəffaf olmalıdır... Qonşu ölkə (Rusiya - red.) ilə münasibətlərimizdə müşahidə olunan yumşaq gücdən xilas olmalıyıq və bunun üçün Qərbdən olan tərəfdaşlarımızla koordinasiya vacibdir. Anlamaq lazımdır ki, "Qazprom"la aparılan danışıqların predmeti yalnız enerji deyil", - deyə prezident bildirib.
Gürcüstanın əsas qaz təchizatçısı Azərbaycandır. Bununla yanaşı, gürcüstanda istehlak olunan qazın 12%-ni Rusiya nəql edir. Söhbət Gürcüstan üzərindən Rusiyadan Ermənistana nəql olunan qaza görə, tranzit haqqından gedir. Gürcüstan hökuməti Rusiya tərəfinin nəql etdiyi qazın həcmini artırmaq üçün "Qazprom"la danışıqlar aparır. Gürcüstan müxalifəti isə buna etiraz edir. Müxalifət bildirir ki, bu, Gürcüstanlın enerji təhlükəsizliyinə təhdiddir.
< Əvvəlki | Növbəti > |
---|