Tiflisdə “Qazprom”a yox” adlı aksiya keçirilib
Yanvarın 18-də Gürcüstan hökumətinin dəftərxanası qarşısında "Qazprom"a yox" adlı etiraz aksiyası keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, "Azadlığı müdafiə" platformasının təşkilatçılığı ilə keçirilən aksiyada Tiflis sakinləri, 18 QHT və müxalifət nümayəndələri iştirak edib. Aksiya iştirakçıları Gürcüstan hökumətinin Rusiyanın "Qazprom" şirkəti ilə bağladığı müqaviləyə qarşı etirazlarını bildiriblər.
Tədbirdə iştirak edən "Avropalı Gürcüstan" fraksiyasının üzvü, deputat Qiqi Bokeriya bildirib ki, imzalanan müqavilə Gürcüstan iqtisadiyyatına zərbə vurur və Rusiya ilə razılaşma gələcəkdə ölkə üçün təhlükə yarada bilər. Q. Bokeriya yeni müqavilə əsasında Rusiyanın başqa tələblər də irəli sürəcəyini istisna etməyib..
Etiraz aksiyasının təşkilatçılarından biri, "Azadlığı müdafiə" platformasının üzvü Tamara Çerqoleşvili APA-ya açıqlamasında etiraz aksiyasını keçirməkdə məqsədlərini bildirib: "Hökumət Rusiyanın "Qazprom" şirkəti ilə imzaladığı razılaşmanın bütün maddələrini mətbuatda dərc etməlidir. Biz müqavilənin bütünlüklə ləğv olunmasını tələb edirik".
Bu gün "Qazprom"la bağlanan müqaviləyə qarşı 80 QHT təşkilatı Gürcüstan hökumətinə müraciət ünvanlayaraq müqavilədə göstərilən şərtləri açıqlamağı tələb ediblər. Hökumət isə bu müqavilənin şərtlərinin kommersiya sirri olduğunu qeyd edib. Aksiya təşkilatçıları bildiriblər ki, "Qazprom"la imzalanan müqavilənin şərtləri dəyişdiriməyənədək etiraz aksiyaları davam edəcək.
< Əvvəlki | Növbəti > |
---|