Tiflisdə Şuşanın işğal günü ilə bağlı tədbir keçirilib
Tiflisdə Şuşanın işğalının 25-ci ildönümü ilə bağlı tədbir keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva açıb.
Tədbirdə Şuşanın işğalı zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Rəhim Rəhimzadə Şuşa şəhərinin işğal tarixi, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə Şuşada tarixi abidələrin məhv edilməsi haqqında məlumat veriblər.
Tədbirdə professor, tarix elmləri doktoru Vaja Şubitidze Şuşanın Azərbaycanın tarixi şəhəri olduğunu bildirib: “Bizim də Şuşa, Dağlıq Qarabağ kimi Abxaziya və Osetiya dərdimiz var. Bizim də 20 faiz torpağımız işğal olunub. Vaxt olacaq ki, Azərbaycan və gürcü xalqları öz ərazilərini işğaldan azad edəcək. Biz bir olmasaq, qələbə qazana bilmərik. Şuşa Azərbaycanın ayrılmaz hissəsidir. Mən tarixçi kimi Şuşanın tarixini yaxşı bilirəm. Çox təəssüf edirəm ki, Azərbaycanın konservatoriyası sayılan Şuşada tarixi, mədəni və dini abidələr məhv edilib. Belə bir vəziyyət ermənilər tərəfindən Abxaziya və Osetiyada da təkrar edilib”.
Tədbirdə çıxış edən Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İshaq Novruzov Şuşa, Abxaziya və Osetiya qurbanlarını anıb, hər iki xalqın eyni dərdi daşıdığını deyib.
Qeyd edilib ki, Azərbaycanda hələ də 30 min erməni yaşayır, Ermənistanda isə bir azərbaycanlı yoxdur.
Tədbir iştirakçılarına Azərbaycan Ombudsmanın Şuşanın işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanatı da təqdim edilib.
Sonda Şuşanın keçmişi və müasir vəziyyəti barədə film nümayiş etdirilib.
< Əvvəlki | Növbəti > |
---|