Gürcüstanda NATO-nun hərbi təlimləri başa çatıb
Gürcüstanda Azərbaycan hərbçilərinin də iştirak etdiyi NATO-nun “Agile Spirit 2017” (“Çevik ruh”) çoxmillətli hərbi təlimləri başa çatıb.
APA-nın yerli bürosunun Gürcüstanın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Orpolo hərbi poliqonunda keçirilən rəsmi bağlanış mərasimində müdafiə naziri Levan İzoirya, Baş qərargah rəisi, general-mayor Vladimir Çaçibaya, ABŞ-ın bu ölkədəki səfirinin müavini Elizabet Rudi, digər rəsmi şəxslər və diplomatik korpusun nümayəndələri iştirak edib.
Mərasimin sonunda təlimdə istifadə olunmuş hərbi texnika və avadanlıqların sərgisi keçirilib.
Qeyd edək ki, “Agile Spirit 2017” təlimlərində Azərbaycanla yanaşı, Gürcüstan, ABŞ, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna hərbçiləri də iştirak edib. Təlimlərin keçirilməsində məqsəd ABŞ qüvvələri ilə NATO-nun üzv və tərəfdaş ölkələrinin hərbçiləri arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, müdafiə və hücum əməliyyatları üzrə biliklərin artırılması və regionda təhlükəsizliyin təmin olunmasıdır.
< Əvvəlki | Növbəti > |
---|