“Gürcü Arzusu” Marneuli ilə bağlı qərarını dəyişməyəcək

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısı vəzifəsinə namizədi ilə bağlı qərarı dəyişməz olaraq qalacaq.


APA-nın yerli bürosunun məlumatına əsasən, bunu partiyanın liderlərindən biri Mamuka Mdinaradze deyib. “Partiyanın Marneuli rayon icra başçısı vəzifəsinə namizədi Teymuraz Abasov olacaq. Onun qalib gələcəyi təqdirdə, keçmiş namizəd Amiran Giorqadze Marneuli sakrebulosuna başçılıq edəcək”, - deyə o, söyləyib.


Partiyanın qərarını şərh edən A. Giorqadze isə qarşıdan gələn seçkilərdə “Gürcü Arzusu”nun qələbəsi uğrunda mübarizə aparacağını bildirib.
 

Qeyd edək ki, dünən axşam A. Giorqadzenin Marneulidən olan bir qrup tərəfdarı “Gürcü Arzusu”nun Tbilisidəki baş ofisinin qarşısında aksiya keçiriblər. Onlar A. Giorqadzenin Marneuli rayon icra başçısı vəzifəsinə namizədliyinin ləğv olunmasına etiraz bildiriblər.
 

Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək.