Tbilisidə Gürcüstan, Azərbaycan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü başa çatıb

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Bu gün Tbilisidə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaya arasında üçtərəfli görüş başa çatıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri ətraflı müzakirə edilib və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Tərəflər beynəlxalq terrorizm və aqressiv separatizmin regiondakı sülhə və sabitliyə, ümumi inkişafa mənfi təsir göstərdiyini vurğulayaraq dövlətlərin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini xüsusi qeyd ediblər.

Nümayəndə heyətləri hərbi əməkdaşlığın perspektivləri, üçtərəfli hərbi təlimlərin keçirilməsi və birgə fəaliyyətin bir sıra digər istiqamətlərini də nəzərdən keçiriblər.