Azərbaycanda ilk dəfə ömürlük məhkumun həbsxanada nikah mərasimi keçirilib
Bu gün Ədliyyə Nazirliyi Penitensiar xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasında saxlanılan ömürlük məhkum Sergey Strelyayevlə Lüdmila Alenikovanın nikah mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili üzrə İdarənin rəisi vəzifəsini icra edən Rafiq Ramazanov, jurnalistlər, məhkumun ailə üzvləri iştirak edib. Mərasimdə çıxış edən R. Ramazanov Sergey Strelyayevlə Lüdmila Alenikovaya xoşbəxtlik arzu edib. O, bildirib ki, Azərbaycanda məhkumların saxlanılması üçün hər bir şərait yaradılıb: “Məhkumlar yalnız azadlıq hüququndan məhrum ediliblər. Onlara bütün şərait yaradılıb. Hər zaman Ədliyyə Nazirliyi Penitensiar xidməti tərəfindən məhkumların saxlanılması, həyat və şəraitlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür”.