Tbilisidə TRACECA layihəsi çərçivəsində regional konfrans keçirilir
Gürcüstan paytaxtında TRACECA nəqliyyat dəhlizi çərçivəsində “LOGMOS” layihəsi - logistik proseslər və II dəniz magistralı” mövzusunda regional konfrans başlayıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, konfransda 10 dövlətdən nümayəndə heyəti iştirak edir. Tədbirdə Azərbaycanı Nəqliyyat Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, Dövlət Gömrük Komitəsi və Xəzər Dəniz Gəmiçiliyi idarəsi təmsil edir.
Avropa Birliyinin maliyyə dəstəyi ilə iki gün davam edəcək konfransda Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Tacikistan, Türkmənistan, Türkiyə nümayəndə heyətlərinin üzvləri müxtəlif mövzularda hazırladıqları layihələrin təqdimatını keçirəcəklər.
Yekunda TRACECA-ya üzv ölkələrin işçi qrupunun birgə iclası keçiriləcək və “LOGMOS” layihəsinə aid tövsiyələr müzakirə ediləcək.
Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin sektor müdiri Əli Qasımov jurnalistlərə açıqlamasında konfransın məqsədi barədə məlumat verib: “Bu konfransda TRACECA-ya üzv ölkələr arasında yükdaşımalarda qarşıya çıxan problemlər və təkliflər müzakirə edilir. Tədbirdə eyni zamanda konteynerləri daşıyan TRACECA-ya üzv ölkələrin yükdaşıma tariflərinin uyğunlaşdırılması məsələsi və dəniz magistrallarında qarşıya çıxan problemlərin həlli məsələləri müzakirə edilir”.
Ə.Qasımov APA-ya açıqlamasında TRACECA-ya üzv ölkə kimi Azərbaycanda böyük layihələrin həyata keçirildiyini bildirib: “Bu layihələrdən ən böyüyü Bakı-Tiflis-Qars və Bakı Beynəlxalq Dəniz limanının tikintisidir. Bu tikililər TRACECA-ya üzv ölkələr arasında daşımaların daha da inkişaf etdirilməsinə səbəb olacaq.”