İlham Əliyev: “Biz təkcə azadlığa qovuşmamışıq,...”
Yanvarın 23-də Davosda "Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol" mövzusunda qəbul keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbulda iştirak edib.
Tədbiri açan Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab deyib: "Bu gün Cənubi Qafqaz və Mərkəzi Asiyaya həsr olunmuş xüsusi axşam təşkil edilmişdir. Sizin Davosda şəxsi iştirakınız sayəsində regiona maraq artır. Bugünkü görüşümüz zamanı Sizin baxışlarınız və siyasətinizlə bağlı ətraflı məlumat aldım.
Açıqlamaq istərdim ki, bir ay bundan əvvəl Azərbaycanda olmuşam və hazırda ölkənizin inkişafı ilə bağlı bir sıra ssenarilər üzərində çalışırıq. Bunlar artıq Sizə təqdim olunub. Lakin işlər hələ də davam edir və avqust ayında biz yenidən Sizinlə görüşüb əlavə məlumatlar təqdim edəcəyik. Yekun təqdimat bu ilin sonunda və ya gələn ilin əvvəlində baş tutacaqdır. Müxtəlif ssenarilər nəzərdən keçirilir. Təbii ki, biz əminik, ən müsbət ssenari reallaşacaqdır. Bununla da Sizə xoş axşam və fəal müzakirə arzu edirəm".
Qəbulda çıxış edən Prezident İlham Əliyev əvvəlcə Cənubi Qafqaz və Mərkəzi Asiyaya həsr edilmiş bu tədbirin təşkilatçılığına görə professor Şvaba minnətdarlığını bildirib: "Bizim region hazırda dünyanın diqqətini cəlb edir. Bu səhər təşkil edilmiş paneldə regional əməkdaşlıq mövzusu müzakirə olundu. Bundan əlavə, ötən ilin aprel ayında Bakıda təşkil olunmuş Davos Forumu da həmin mövzuya həsr edilmişdi. Həqiqətən, regionumuz dinamik inkişaf edir və burada iqtisadi əməkdaşlıq üçün böyük potensial vardır".
Prezident bildirib ki, Azərbaycan öz növbəsində əməkdaşlığın gücləndirilməsi, Cənubi Qafqaz və Mərkəzi Asiyanın inteqrasiyası üçün vacib rol oynayır: "Deyə bilərəm ki, ölkələrimizi bir araya gətirmək istiqamətində ilk təşəbbüsü Azərbaycan göstərib. Bu da enerji siyasətimizin başlanğıcı ilə bağlıdır. Biz geniş boru kəmərləri şəbəkəsi vasitəsilə Xəzər, Qara və Aralıq dənizlərini birləşdirməyə müvəffəq olduq".