Xəzərin 300 kvadrat kilometri neftlə çirklənib? – SOCAR-dan açıqlama
"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə yaradılmış işçi qrup tərəfindən mütəmadi aparılan monitorinqlər dekabrın 16-da da davam etdirilib.
"Dalğa TV" SOCAR-ın saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssilərindən ibarət birgə işçi qrupu qəza baş vermiş ərazidə xüsusi təchiz edilmiş gəmilər və helikopterlər vasitəsilə müşahidələr aparıb. "Günəşli" yatağı və "Neft daşları" ərazilərində, eləcə də onların ətrafında neft sızıntılarına dəlalət edən ciddi ləkələr müşahidə olunmayıb.
Eyni zamanda dünya təcrübəsinə uyğun olaraq dənizdə neft sızıntılarının aşkarlanması və neftlə çirklənmələrin müəyyənləşdirilməsi məqsədilə hadisə yerində həm optik, həm də radar peyk çəkilişləri aparılıb.
Bəzi kütləvi informasiya vasitələrində qəzadan sonra guya əraziyə neft dağılması ilə bağlı yayılmış məlumatlara rəğmən, "Azərkosmos" ASC, Kanadanın MDA şirkətinə məxsus "Radarsat-2" peykinin Xəzər dənizində apardığı radar tipli peyk çəkilişlərinin təsvirləri işçi qrupun monitorinqinin nəticələrini təsdiq edir.
Qeyd edək ki, RİA "Novosti" agentliyi xəzərdə çirklənmənin böyüdüyü barədə məlumat dərc edib. "Dekabrın 13-də Avropanın "Sentinel-1A" radiolokasiya peykindən qəzanın baş verdiyi ərazinin çəkilişləri aparılıb. Şəkildə görünür ki, "Günəşli" yatağının ətrafı neftlə çirklənməkdədir və çirklənmə şimala doğru genişlənir. Çəkiliş zamanı əldə olunan məlumatlar göstərir ki, dekabrın 13-ə çirklənmiş ərazinin sahəsi 300 kvadrat kilometr təşkil edir" - deyə, məlumatda qeyd olunub.