Ukrayna Azərbaycan və Gürcüstandan tranzit haqlarını ikiqat azaltmağı xahiş edir

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Ukrayna tərəfi Azərbaycan və Gürcüstanın dəmir yolları qurumlarının rəhbərlərinə rəsmi şəkildə müraciət edərək bu ölkədən olan məhsulların tranzit haqlarının aşağı salınmasını xahiş edib.

"Dalğa TV" "APA-Economics"ə isinadən xəbər verir ki, bu barədə Ukraynanın "Ukrzaliznıtsya" müəssisəsinin rəsmi nümayəndəsi İvan Xoryakov bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfi Gürcüstan və Azərbaycandan olan həmkarlarına ünvanlanan müraciətdə tariflərin 50% azaldılmasını xahiş edib: "Biz ümid edirik ki, bizim xahişimizə müsbət cavab veriləcək. Bununla da biz daşımaların xərclərini dəfələrlə azaltmış olarıq".

Xatırladaq ki, yanvarın 14-də Bakıda keçirilmiş dördtərəfli görüşdə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda vahid tariflərin müəyyənləşdirilməsi haqqında razılığa gəliblər. Müvafiq protokolu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, "Qazaxıstan Dəmir Yolu" SC-nin prezidenti Askar Mamin, "Gürcüstan Dəmir Yolu" SC-nin rəisi Mamuka Baxtadze və "Ukrayna Dəmir Yolu" SC-nin İdarə heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy imzalayıblar.

Qeyd edək ki, bu ilin mart ayından etibarən Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin dəmir yolu marşrutunun kommersiya istismarına başlanacaq.