Futbol üzrə Azərbaycan və Rusiya milli komandaları arasında oyun heç-heçə başa çatmışdır
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də futbol üzrə Azərbaycan və Rusiya milli komandaları arasında oyun keçirilmişdir.
AzərTAc xəbər verir ki, “Bakcell Arena”da keçirilmiş oyunu serbiyalı baş hakim Milorad Maziç idarə etmişdir.
Oyunun birinci hissəsinin 16-cı dəqiqəsində Rusiya yığmasının futbolçusu Roman Şirokov hesabı açmışdır. Millimizin oyuna ikinci hissədən qatılmış üzvü Vaqif Cavadov matçın 90-cı dəqiqəsində hesabı bərabərləşdirmişdir.
Əlavə təyin edilmiş vaxtda hesab dəyişməmişdir.
Beləliklə, Azərbaycan-Rusiya matçı 1:1 hesabı ilə başa çatmışdır.