Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı media nümayəndələri üçün tur təşkil edilmişdir

altBakıda keçiriləcək Avropa Oyunları ilə bağlı media nümayəndələri üçün oktyabrın 27-də ilkin təqdimat keçirilmişdir.
AzərTAc xəbər verir ki, təşkilatçılar 2015-ci ildə Bakıda ilk Avropa Oyunlarının keçirilməsi üçün istifadə olunacaq məkan və yerlərin bəzilərini ilk dəfə olaraq ictimayyətə açıqlamışlar.
Bu məqsədlə Bakıda idman tədbirlərinin keçiriləcəyi bir sıra yerlərə yerli və xarici jurnalistlərin turu təşkil edilmişdir.
Tədbirə rəhbərlik edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bildirmişdir: “Olimpiya kəndində lazımi qaydada qurulmuş otaqlar və yaşayış sahələri 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak edəcək atletlər üçün mümkün qədər ən gözəl şəraitlərin təmin edilməsinə yönəlmiş düşüncənin sübutudur".
Media turu Bakıda planlaşdırılan unikal oyunlar təcrübəsinə nəzər salmaq imkanı yaratmışdır. Eyni zamanda, turda Bakı İdman Zalı, Azadlıq meydanı, Gimnastika arenası və Olimpiya stadionunun görüntüləri təqdim olunmuşdur. Bu isə Avropa Oyunlaır üçün məkanların hazırlanması və tikintisi işində böyük irəliləyiş olduğunu göstərir.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qeyd etmişdir ki, atletlərin yüksək keyfiyyətli məkanlarla təmin edilməsi üçün gələn aylar ərzində stadionların və idman mərkəzlərinin yoxlanılmasına və mükəmməl şəkildə uyğunlaşdırılmasına diqqət yetiriləcəkdir. Azərbaycan hökuməti Avropa Oyunların beynəlxalq idman təqvimində mühüm tədbir kimi göstərmək, eləcə də yeni hava limanı terminalını, 13 nəqliyyat layihəsini, o cümlədən bir çox digər infrastruktur və şəhərin abadlaşdırılması layihələrini nümayiş etdirmək üçün Bakının hər yerində genişmiqyaslı hazırlıq işlərinə sərmayə qoyur.