“Azərbaycan Avropa Olimpiya Oyunları ilə bağlı öhdəlikləri yerinə yetirir”

altBöyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisi Çarlz Hendrinin APA TV-yə müsahibəsində qeyd edib:


- 2015-ci ildə Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcək Azərbaycanda hazırlıq işləri barədə nə deyə bilərsiniz?

- Hesab edirəm ki, Azərbaycanın Avropa Olimpiya Oyunlarını uğurlu şəkildə təşkilini təmin etməsinin səbəblərindən biri mövcud olan və tikintisi planlaşdırılan infrastrukturun buna imkan verməsidir. Ötən gün mən hava limanından gələrkən yolda iyunda baş tutan səfərimdən sonra stadionun inşasının kifayət qədər irəlilədiyini gördüm. Mən burada idmançıların qalması üçün böyük tikililərin olduğunu müşahidə etdim. Bütün bunlar insanları bir daha əmin edir ki, Azərbaycan böyük tikinti layihələrini tez bir zamanda həyata keçirə bilər. Mən bilirəm ki, burada həyata keçirilən işlər Olimpiya Komitəsi tərəfindən də yüksək dəyərləndirilib. Məni heyrətləndirən məsələlərdən biri də burada xaricilərin işləməsidir. Mən London Olimpiya oyunlarının keçirilməsində rolu olan bir neçə insanların burada da işlədiyini bilirəm. Bu onu göstərir ki, sizin hökumət London və digər ölkələrdə keçirilmiş böyük tədbirləri təşkil edən insanların təcrübələrindən istifadə edir. Oyunlara 18 aya yaxın bir müddət qalmış oyunlara kimi tələb olunan əksər işlərin artıq görüldüyünü hesab edirəm. Hər kəs oyunların başlayacağı tarixi bilir və hər kəs ona kimi nə etməli olduğunu da bilir. Sizin ölkəniz öhdəliklərini kifayət qədər yerinə yetirir. Heç kəs oyunların baş tutmayacağı ilə bağlı şübhəsinin olduğunu ifadə etməyib.