Azərbaycan güləşçiləri İstanbulda keçirilən beynəlxalq turnirin ilk günü 3 medal qazanmışlar
İstanbulda Yaşar Doğunun xatirəsinə həsr olunmuş beynəlxalq güləş turniri davam edir.
AzərTAc xəbər verir ki, 42-ci dəfə keçirilən turnirdə sərbəst güləş üzrə Azərbaycan yığma komandası da iştirak edir.
Turnirin ilk günündə yığma komandamızın üzvləri 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olmuşlar.
Keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Olimpiya mükafatçımız Xetaq Qazyumov (97 kq) turnirin qalibi olmuşdur. O, ardıcıl olaraq Türkiyə yığmasının 5 güləşçisini mübarizədən kənarlaşdırmışdır. Turnirdə 97 kiloqram çəki dərəcəsində mübarizə aparan digər təmsilçimiz Roman Bəkirov isə bürünc medal qazanmışdır.
Məhəmməd Müslümov (65 kq) da rəqiblərindən üstün olmuş və finala yüksəlmişdir. Ancaq həlledici görüşdə İtaliya güləşçisinə uduzan təmsilçimiz gümüş medalla kifayətlənmişdir. Bu çəkidə digər təmsilçimiz Ağahüseyn Mustafayev ardıcıl iki türkiyəli rəqibini üstələsə də, yarımfinalda İtaliya güləşçisinə uduzmuşdur. Bürünc medal uğrunda həlledici görüşü də məğlub başa vuran güləşçimiz turniri beşinci sırada tamamlamışdır.
Turnirə fevralın 16-da yekun vurulacaqdır.