Birinci Bakı Beynəlxalq turizm filmləri festivalının münsiflər heyətinin tərkibi açıqlanmışdır
Noyabrın 20-dən 24-dək Nizami Kino Mərkəzində birinci Bakı Beynəlxalq turizm filmləri festivalı keçiriləcəkdir. Festivalın müsabiqə proqramına 31 ölkədən 78 film daxil edilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, filmləri kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcəkdir. Münsiflər heyətinin 3 üzvü Azərbaycanı - Azər Qərib, Vasif Babayev, Cəmil Fərəcov, 4 üzvü isə xarici ölkələri təmsil edir - Aleksandr Kammel (Avstriya), Lela Krstevska (Makedoniya), Devid Kuper (Böyük Britaniya) və Qriqoris Koulbanisdir (İsveçrə).
Münsiflər heyəti hər kateqoriyada 3 filmi mükafatlandıracaqdır. Birinci yerə layiq görülən filmlərə Qızıl mükafat – diplom və 2000 avro pul, ikinci yerə layiq görülən filmlərə Gümüş mükafat - diplom və mükafat, üçüncü yeri tutan filmlərə Bürünc mükafat - diplom və mükafat təqdim ediləcəkdir.
Festivalın ən yaxşı filminə isə “Qran-pri” - diplom, mükafat və 4000 avro pul təqdim olunacaqdır.
Noyabrın 20-də keçiriləcək mətbuat konfransı ilə festival açıq elan ediləcəkdir. Həmin gün Nizami Kino Mərkəzində açılış filmi kimi məşhur fransız aktyoru Jerar Depardyenin iştirakı ilə Azərbaycan və Fransanın birgə istehsalı olan “Qafqaza qayıdış” filmi nümayiş etdiriləcəkdir. Festivalın bağlanış mərasiminin isə noyabrın 23-də keçirilməsi nəzərdə tutulmuşdur.
Proqram və münsiflər heyətinin üzvləri haqqında daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə etmək mümkündür.
Festivalın rəsmi sponsoru “Qarant Holdinq”, sponsoru “Nar Mobile”, rəsmi tərəfdaşı “JW Marriot Absheron Baku” oteli, informasiya dəstəkçiləri İctimai Televiziya, “APA Holdinq” və day.az saytıdır. Festivalın təşkilatı işlərini “Azanfilm” studiyası həyata keçirir.