17 gün əvvəl törədilən qətlin üstü açıldı
Bakının Xətai rayonunda törədilən qətlin üstü açılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 2-də Xətai rayonu M.Hadi küçəsində yaşayan 1969-cu il təvəllüdlü Qaçayeva Reyhan Əmiraslan qızının üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti yaşadığı mənzildə aşkar edilib.
R. Qaçayevanın həmin gün işə gəlməməsi və telefon zənglərinə cavab verməməsi iş yoldaşları arasında narahatçılığa səbəb olub və bu səbəbdən onun evinə baxış zamanı qadının qətlə yetirildiyi məlum olub.
Cinayət barədə məlumat alan polis dərhal araşdırmalara başlayıb, hadisə yeri müayinə olunaraq istintaq üçün əhəmiyyətli olan maddi sübutlar toplanıb. Araşdırmalar nəticəsində hadisənin mərhumun iş yoldaşı, Kamal Kərimov tərəfindən törədilməsi müəyyən olunub. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1990-cı il təvəllüdlü Kərimov Kamal Veysəl oğlu noyabrın 19-u səhər saatlarında yaşadığı Buzovna qəsəbəsi A. Musayev küçəsindəki evdə saxlanılaraq istintaqa təhvil verilib.