Marneuli rayon mərkəzində 20 yanvar faciəsinin ildönümünə həsr olunan geniş tədbir keçirilib
Müxtəlif bölgələri təmsil edən ziyalarla yanaşı, respublika hökuməti nümayəndələrinin də iştirak etdiyi bu mərasimdə imperiya qoşunlarının günahsız inanlara qarşı törətdikləri vəhşi əməllər qətiyyətlə pislənib.
Tədbiri “IRƏLİ” ictimai birliyinin sədri Məhəbbət İmanov açaraq qanlı Yanvar hadisələrinin heç vaxt unudulmayacağını və bu faciənin şəhidlərin qanı ilə yazıldığını bildirib. O, bu faciədə Qorbaçovların, Yazovların əllərinin qana batdığını və bu faciəni - Azərbaycan şəhidlərini yalnız Azərbaycan deyil, bütün bəşəriyyətin unutmayacağını vurğulayıb. Sonra 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Gürcüstan Parlamentinin deputatı Azər Süleymanov,Azərbaycanın Gürcüstandakı səfirliyinin 1-ci katibi Vüsal Məmmədov çıxış edərək faciədən keçən 24 ildə Azərbaycanın inkişafından, onun hərbi gücündən və faciə şəhidlərinin yaddaş tariximizə qanla hopub gələcəyə ötürülməyindən danışıblar. Tədbirdə qeyd olunub ki, Azərbaycan xalqı bu qanlı faciə ilə bir daha təsdiq edib ki, xalq vətən uğrunda ölməyə həmişə hazırdır. Bu faciənin Azərbaycan xalqının başına gətirilən dördüncü faciə olduğunu və bunu törətməkdə Qırmızı Ordunun Azərbaycanı işğal etmək cəhdi göstərdiyini deyiblər. Lakin ordu Azərbaycan xalqının arzusuna, gələcəyinə sədd çəkə bilmədi. Bu Qafqazda ordunun törətdiyi ilk faciə deyildi. Bundan əvvəl Tbilisidə və ondan əvvəl də Vilnüsdə ordunun əli ilə belə faciə qurbanları olub.Azərbaycan xalqı bir daha öz tarixində şahid oldu ki, Rus Ordusu ona dəfələrlə xain çıxıb.
Tbilisi Dövlət Universitetinin professoru tarixçi-alim Quram Marxulia 20 Yanvar faciəsinin Azərbaycan xalqını alçaltmadığını, onu zəiflətmədiyini, əksinə ucaltdığını söyləyib. O qeyd edib ki,bizi təkcə coğrafi, siyasi, iqtisadi və mədəni sahələr birləşdirmir, həm də biz qəlbən olaraq bir-birimizi başımıza gətirilən faciələrlə tanıyırıq. Mən hər dəfə 9 Aprel hadisələrini xatırlayanda 20 Yanvar da yadıma düşür. Gürcülərin başına gətirilən 9 Aprel faciəsi, azərbaycanlıların qanla yazılan 20 Yanvar facəsi bizim ən qəmli günlərimizdür. Bütün bu hadisələri biz gələcəyə ötürməliyik. Gənc nəsil bilməlidir ki, azadlıq, müstəqillik qan tökülməmiş əldə olunmayıb.
Tədbirin sonunda 20 Yanvara həsr edilən şeirlər oxunub, sonra faciəyə həsr olunan film nümayiş olunub, foto-sərgi nümayiş etdirilib.