Heydər Əliyev Fondunun Dmanisidəki kompyuter təhsil mərkəzində 120-dən çox uşaq məşğələ keçir

altGürcüstan azərbycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Dmanisi rayon mərkəzindəki Heydər Əliyev Fondunun kompyuter təhsil mərkəzi Fond rəhbərliyinin təşəbbüsü ilə 6 il bundan əvvəl təşkil olunub. Burada uşaqlar gürcü və ingilis dillərini öyrənir, həmçinin kompyuter kursları keçirlər.

Mərkəzin direktoru Diana Qaralova  jurnalistlərə müsahibəsində qeyd edib ki, Ulu Öndərin ideyalarının, arzu və istəklərinin ardıcıl və məqsədyönlü şəkildə reallaşdırılması istiqamətində çox böyük layihələr həyata keçirən Heydər Əliyev Fondu xaricdə yaşayan soydaşlarımızın durumunun yaxşılaşdırılması, təhsilin inkişafı və digər sahələrdə önəmli işlər görür.

O, Gürcüstan azərbaycanlılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.

Elə həmin gün 30 nəfər azərbaycanlı şagirdlərə gürcü dilini öyrənməsi haqqında sertifikat verilib. Təhsil nazirinin müavini Tamar Tetradze bizimlə müsahibəsində bildirib ki, Heydər Əliyev Fondunun təsis olunmasından keçən müddətdə həyata keçirdiyi xeyirxahlıq işlərini saymaqla qurtarmaq olmaz. Bizim mərkəz məhz həmin nümunələrdən biridir. Burada təşkil olunan məşğələlərə Dmanisi şəhərindən və rayonun ayrı-ayrı kəndlərindən 120 nəfərdən çox uşaq cəlb olunub. Gürcü dilini öyrənən qrupda əsasən azərbaycanlı, ingilis dili qrupunda isə kompyuter kursunda olduğu kimi, həm azərbaycanlı, həm də gürcü uşaqlarına məşğələlər keçilir. Uşaqlara “SOCAR Corcia petroleum” şirkətinin hədiyyə etdiyi avtobus xidmət göstərir.

Diana Qaralova diqqətə çatdırıb ki, mərkəzimizin fəaliyyət göstərdiyi müddətdə 300 nəfərədək dinləyici sertifikat alıb. Sertifikat almış azərbaycanlılardan təxminən 10 nəfəri Gürcüstanın ali məktəblərinə qəbul olunub. O, kursların birillik olduğunu bildirib.

Dinləyicilərdən Roman Mahmudov, Məryəm Aslanişvili və başqaları xeyirxahlığa və belə bir şəraitin yaradılmasına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.