Azərbaycanlı gənclər Gürcüstanın Bakuriani şəhərində qış xizəkçiliyi təlimində iştirak etmişlər
Azərbaycanın “İrəli” və “Qan Donorları Assosiasiyası” ictimai birliklərinin təşkilatçılığı ilə Gürcüstanın Bakuriani şəhərində “Alfa ekstrim Bakuriani” proqramı çərçivəsində idmansevər gənclər üçün qış xizəkçiliyi üzrə təlim keçirilmişdir.
Düşərgə müddətində iştirakçılara “Qan donorçuluğu”, “Sağlam həyat tərzi”, “Ekstremal şəraitdə yaşama üsulları” və s. mövzularda təlimlər keçirilmişdir.
Layihədə 30-dək azərbaycanlı gənc iştirak etmişdir.
Səfərə Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçali bölgəsinin Marneuli şəhərindəki “Çay evi”ndə yekun vurulmuşdur.
Qonaqlar burada fəaliyyət göstərən 10-dək dərnəyin işi ilə tanış olmuşlar.
“İrəli” İctimai Birliyinin korporativ əlaqələr üzrə katibi Niyaz Əliyev Bakurianidə ilk dəfə olduğunu və düşərgə iştirakçılarının bu səfərdən razı qaldıqlarını demişdir. O, belə görüşlərin strateji tərəfdaşlar olan ölkələrimizin gəncləri arasında dostluq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu vurğulamışdır.
Gürcüstan Baş nazirinin milli məsələlər üzrə köməkçisi Savalan Mirzəyev Gürcüstan hökumətinin iki ölkə gənclərinin dostluq əlaqələrinə şərait yaradacaq bütün layihələri dəstəkləməyə daim hazır olduğunu bildirmişdir.
Gürcüstan Baş nazirinin milli məsələlər üzrə köməkçisi Savalan Mirzəyev və “Çay evi”nin meneceri Emin Əhmədov “Gənclərin dostu” mükafatına layiq görülmüşlər.
Mükafatı “İrəli” İctimai Birliyinin korporativ əlaqələr üzrə katibi Niyaz Əliyev təqdim etmişdir.