Gürcüstanın Rustavi şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir
Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin inzibati mərkəzi Rustavi şəhərində “İrəli Borçalı” İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri mərasimdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
“Borçalı İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov Xocalı faciəsi barədə məlumat vermiş, son iki əsr ərzində ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər haqqında tarixi faktlardan misallar çəkmişdir.
Qardabani şəhərinin meri Leyla Bendeliani 1992-ci ilin fevralında Xocalıda dəhşətli faciə törədildiyini, Azərbaycan xalqının kədərinə şərik olduğunu bildirmişdir. O, Qafqazda sağlam münasibətlərin bərqərar olmasını və insanlığa yaraşmayan belə vəhşiliklərin bir daha təkrarlanmamasını arzulamışdır.
Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin birinci katibi Vüsal Məmmədov Xocalı soyqırımının Azərbaycan tarixinin qanlı səhifəsi olduğunu vurğulamış və ermənilərin bu vəhşiliyi törətməklə öz məqsədlərinə çata bilmədiklərini, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunacağını, haqq-ədalətin zəfər çalacağını bildirmişdir. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən işlər nəticəsində artıq bir çox dövlətin, ABŞ-ın ayrı-ayrı ştatlarının Xocalı hadisələrini soyqırımı kimi tanıdıqları vurğulanmışdır.
Professor Gela Xutsişvili, gənc alim Aygül İsayeva, “İrəli Borçalı” İctimai Birliyinin icraçı katibi Elşən Vəliyev, təşkilatın fəallarından Aybəy İsayev, Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasının rəhbəri Tamar Lamparadze, Gürcüstan Xalqlar Dostluğu Assosiasiyasının sədri Avtandil Maruaşvili və başqaları belə dəhşətli faciələrin təkrar olunmaması, ədalətin təntənəsi naminə gücləri birləşdirməyin vacibliyindən danışmış, beynəlxalq ictimaiyyətin bu hadisəyə obyektiv qiymət verməli olduğunu qeyd etmişlər.
Tədbir iştirakçıları “Xocalı, bir şəhərin faciəsi” filminə, soyqırımının əks olunduğu fotosərgiyə baxmış, Heydər Əliyev Fondunun təşəbbüsü ilə nəşr edilmiş kitablarla tanış olmuşlar.