Gürcüstanın prezidenti Qardabani rayon mərkəzində azərbaycanlıların Novruz bayramını təbrik etmişdir

altGürcüstanın prezidenti Georgi Marqvelaşvili azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Qardabani rayon mərkəzində əhali ilə görüşmüş və soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik etmiş, sülh, xoşbəxtlik və cansağlığı arzulamışdır.
Tədbir maraqlı konsert proqramı ilə davam etmiş, Azərbaycan və gürcü ifaçıların çıxışları iştirakçıların alqışlarına səbəb olmuşdur.
Qocaman aşıq Aslan Kosalı prezidentə saz hədiyyə etmişdir.
Sonra Georgi Marqvelaşvili Qardabani şəhərinin sakini Telman Xəlilovun ailəsində açılmış bayram süfrəsində Novruz təamlarından dadmış və xatirə şəkli çəkdirmişdir.
Georgi Marqvelaşvili AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində demişdir: ”Bu gün ölkəmizin azərbaycanlı əhalisi Novruz bayramını qeyd edir. Belə bir gözəl bayramın iştirakçısı olmağımdan məmnunluq duyuram. Baharın simvolu olan Novruz münasibətilə Gürcüstan azərbaycanlılarını səmim-qəlbdən təbrik edir, onlara həyatda uğurlar, fəal vətəndaş mövqeyi arzulayıram”.
Bu yaxınlarda Bakıya səfəri barədə təəssüratlarını bölüşən Gürcüstan prezidenti qeyd etmişdir ki, bir sıra ölkələrdə səfərlərdə olmuş, ancaq Azərbaycanda gördüyü mehribançılıq və səmimiyyəti çox yerdə hiss etməmişdir. G. Marqvelaşvili səmimiyyətə və mehriban qonşuluq münasibətinə görə Azərbaycanın dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirmiş, Novruz bayramı münasibətilə azərbaycanlı həmkarını və xalqımızı təbrik etmiş, sülh, əmin-amanlıq, sabitlik arzulamışdır.
Tədbirdə Azərbaycan Respublikasının Grcüstandakı səfiri Azər Hüseyn iştirak etmişdir.