Xırdalandakı faciə ilə bağlı cinayət işi açıldı - Baş Prokurorluq
Sentyabrın 8-də saat 06:30 radələrində Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
Qubadlı rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları həmin binanın ikinci mərtəbəsindəki mənzildə baş vermiş partlayış barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun rəhbərliyi, rayon prokurorluğunun, rayon Polis Şöbəsinin, FHN-in Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerində olub, mütəxəssislər cəlb edilməklə hadisə yerinə baxış keçirilib, dağıntılar altında qalan şəxslərin xilas edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Aparılmış xilasetmə tədbirləri nəicəsində 8 nəfər - binanın ikinci mərtəbəsində yaşayan 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu, onun ailə üzvləri - 1972-ci il təvəllüdlü İbrahimova Mətanət Elbrus qızı, 1999-cü il təvəllüdlü İsmayılova Aygün Vidadi qızı, 2001-ci il təvüllüdlü İsmayıl Yunis Vidadi oğlu, 2007-ci il təvəllüdlü İsmayıl Bəkir Vidadi oğlu, birinci mərtəbədə yaşayan 1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızı, 2005-ci il təvəllüdlü Abbasov Ayxan Məharət oğlu və üçüncü mərtəbədə yaşayan 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızı dağıntılar altından çıxarılaraq Sumqayıt şəhər mərkəzi xəstəxanasına, Bakı Mərkəzi Klinik xəstəxanasına və Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər. Onlardan 7-sinin stasionar qaydada müalicəsi hazırda davam etdirilir, 1nəfər isə ambulator müayinədən sonra evə buraxılıb.
Hadisə zamanı 1968-ci il təvəllüdlü Abbasova İfayət Bəhram qızı, 1978-ci il təvəllüdlü Abbasov Məharət Bəhram oğlu və 2003-cü il təvəllüdlü Abbasova Aydan Məharət qızı dağıntılar altından çıxarılsalar da, partlayış nəticəsində ağır beton tavanların onların üzərinə düşməsi səbəbindən həyatlarını xilas etmək mümkün olmayıb.
Fövqəladə Hallar Nazirliyi vəBaş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar. Bildirilib ki, faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma) və 314.2-ci (Səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İş üzrə zəruri istintaq hərəkətləri aparılmış, o cümlədən müvafiq ekspertizalar təyin edilib.
Hadisənin ağır nəticələrə səbəb olması nəzərə alınaraq iş üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.