Azərbaycanlılar birləşdi

altRusiyanın ən çox millətli bölgəsi kimi tanınan Şimali Qafqazda Azərbaycan diaspor təşkilatları Ümumrusiya Azərbaycan Konqresi ətrafında birləşməyə qərar verdi.

ANS TV-nin məlumatına görə, Pyatiqorsk şəhərində keçirilən mərasimdə Azərbaycan diaspor təşkilatlarının liderlərinə yeni qurulan Şimali Qafqaz dairəsi üzrə Azərbaycan Konqresi Şurasına üzvlük vəsiqələri təqdim edildi.

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev gələcəkdə Azərbaycanın Şimali Qafqazda yüksək səviyyədə təmsil edilməsi, bir çox millətlər arasında Azərbaycanın mədəniyyətini, dilini, bayrağını və adını uca tutmaq məqsədilə bu günkü şuranın yarandığını dedi.

Şuranın rəhbəri vəzifəsinə isə Mineralnye Vody şəhərində tanınmış iş adamı Nəsrəddin Ocaqverdiyev seçildi. 52 millətin nümayəndələrinin yaşadığı Şimali Qafqazda Azərbaycan Diaspor Təşkilatlarının birləşməsi həm də bölgədəki radikal təşkilatlara axınla bağlı bir tədbir kimi də qiymətləndirilir.