Azər Şahismayıloğluna məhi-taban məktub
Van Qoq Qarayazıda
Canım-qardaşım Azər!
...Həddülfüqəra hədislərin birində bəsirət gözü ilə belə deyilir: " Allahın Peyğəmbəri (s) insan haqqında bunları söylədi: - Allah yanında heç nə və heç kim Adəm övladından üstün deyil. Soruşdular:- Ey Allahın Peyğəmbəri, hətta mələklərdəmi? Buyurdu:- Mələklər Günəş və Ay kimi məcburdurlar."
Dünyanın uqcar adamı olaraq, Əyriqar adlı ədəbi ərazimdə məni Məsələnin və Mənanın məhz bu arazbarı məğzi cəlb edir: Günəş və Ay kimi məcbur olmaq!
Canım-qardaşım Azər!
Sözümün toz-tozanaq təkrarına bir də qayıdıram. Sən necə bilirsən- Əyriqarın ətəklərinə yaxın, Sınıq körpüdən bu qədər həzin-füzun uzaqlarda arada-sırada uçqunlarda, uçurumlarda var olmaq, həmişə bir xilaskar, bir xilasetmə dəstəsi istəmirmi ? Son yaralı yarpaq düşüb,xəzəllərə qarışıb, son oxucum da Gəncə tərəflərə çoxdan köçüb... bu qədər depressiya, bu qədər ümidsizlik, bu qədər sıxıntı... amma məcburam. Özü də elə-belə, moizə məcbur deyiləm; müsibət məcburam; yəni az qala "Günəş və Ay kimi" məcburam... yəni azından özümü buna inandırmışam.
Xətrimi xariqə istəyən atan da yaxşı bilir. Cəmi Gürcüstanda - günahlıya, günahsıza, vəfalıya, vəfasıza, yetimə, atalıya, oğruya, doğruya, müxtəsəri, bütün xəlq olunanlara təbərrük təbəssüm göstərən, gülərüz bəxş edən atan Şahismayıl müəllim. İndi şəstini şəhanə sındırdığın, bənizinə qara buludlar gətirdiyin, zoddu-oddu yerişini yavaşıtdığın, sənin cənazə namazında canına ocaq qalanan, ruhunu qoymağa yer tapmayan, köç külfəti Kərkük tərəflərdə bürəm-bürəm qara-borana düşən qürbətçi misallı atan Şahismayıl müəllim...
Bir də gülümsəyəcəkmi? Yalnız Allah bilir; " Axirətin darvazası" sayılan ölümlə hər kəsin qiyamətinin əslində necə ərmağan olduğunu yalnız və yalnız Özünə məlum eləyən, Vaqiflər Vaqifi Uca Allah!..
Canım-qardaşım Azər!
Hər vaqifanə Azərin bir bəsirət dolu Baycan tərəfi də var! Bu məcazlı mənada sənin istedadından, parlaq gələcəyindən,sənin timsalında bizim İstanbulda təhsil alan, özü də öz biliyi və fərasəti ilə təhsil alan ülviyyət dolu ünidimizdən danışıb, atan Şahismayıl müəllimə və anan Vətəngül xanıma bəxtəvər verənlər az idimi?..
Qar-qubar dolu mesajını aldım: Qarayazıdan qara yazın gəldi. Sən həm " Axirətin əkin sahəsi", həm də "ziyan bazarı" olan dünya ilə belə hesab-kitab çürütdün. Dünya mənfəətini istəyənin axirət qazancı olmadığını yəqin edən, keçici həyatdansa öz əbədi evini abadlaşdırmağa gedən canım-qardaşım Azər!
Sənin intihar xəbərini alanda mən Van Qoq haqqında yasəmənli yazı hazırlayırdım. Ona görə "yasəmənli yazı" deyirəm ki, sən də bu dünyalarca məşhur hollandiyalı rassamın elə-belə növbətçi yazıya deyil, hətta qərənfilli-qızılgüllü-oleandrlı yazılara layiq olduğunu bilirsən. Ömrü səfalət-səfillik içində keçən, aclığın çuxuryurd çevrəsindən çıxa bilməyən Van Qoq. Sağlığında bircə əsərini dəyər-dəyməz qəpik-quruşa sata bilmişdi. İndi rəsmləri üstündə azı 77 milyon dollara baş yarırlar. Hazırda Pikasso ilə bərabər dünyanın ən bahalı rəssamı hesab olunduğunu da bilirsən. Bu da məxluqatın- xəlq olunanın, Adəm övladının namərdliyi, bivecliyi!
Canım-qardaşım Azər!
Amma Van Qoqla bağlı məni ağrıdan bir küfr var ki, onu da əmanətdar əlavə etməliyəm. Çünki imam Sadiq də (ə) söyləyib ki, əmanəti sahibinə qaytarın, hətta Hüseyn ibn Əlinin (ə) qatili olsa belə!
Əmanət də budur ki, indi düzü-dünyada daha çox Van Qoqun adı ilə tanınan şəhər əhli o vaxtlar şəhər merinə şikayət məktubu yazıbmış ki, bəs deməzsənmi, bu dəliyə yiyə durun, yoxsa yuxumuza haram qatır (ay sizi yatılı qalaydınız!-İ), yediyimiz gedib dənciyimizə də çatmır.
Mən Van Qoqla bağlı yazıma Beynəlxalq Səhiyyə Təşkilatının bu xəvaric xəbərini də əlavə eləmişdim: hər il Yer üzündə 800 min (!) insan intihar edir. Qarşısı alına biləcək ölüm səbəblərində dərin kədər , ümidsizlik, peşmançılıq, təhrikedici davranışlar, daxili miqrasiyalar, özünə qapanmalar yaşandığı gözüyaşlı günahları kimdə görək, hansı sarp qayalara yazaq?..
Sənə sirr saxlamağa taqətin olduğu üçün az qala südəmər dövrdən qalma bir sirr açmaq istəyirəm. Əslində ucqar sözümün canı da elə bu sirdədir: Van Qoq haqqında olan həmin yasəmənli yazını əslində Mirzə Qələmə görə yazmışdım. Çünki o, xeyli müddətdi intihar istiarələri ilə yaşayırdı , süqutun və sükutun bircə addımlığında idi.Onu Allahın möhtərəm buyurduğu cana qəsd eləməməyə çağırmaq istəyirdim. Eynən dan yeri sökülmək bilməyən gecələrdə səhərəcən oyaq qalıb kirimək iqtidarında olmayan qumrular misallı, hönkürmək istəyirdim ki, həyat insana Uca yaradan tərəfindən verikən ən nurani, ən gözəl və ən böyük nemətdir.
Tez-tələsik olduğu üçün sənin dəfninə də elə o "yasəmənli" yazıya getdim. Məgər hər təsadüf və zərurətdə, hər hərəkət və sükunətdə, hər fədakarlıq və fəsadda, hər dərdə şəriklik və şəfaətdə Allahın bir işarəsi , bir rəmzi yoxdumu? İndi mənə belə gəlir ki, sənin dəfninə "Sərv ağaclarıyla buğda zəmisi", "Günəbaxanlar","Ulduzlu gecə","Arlda körpü" kimi əmanətdar əsərlər müəllifi hollandiyalı vəfadar Van Qoq da gəlmişdi və sənin dəfn günündə o reyhanəli rəssam avropalıdan daha artıq Qarayazılı idi. İztirablarının cəminə intiharla son verən vətənsiz və vilayətsiz Van Qoq...Bir dəfə sənin səmimi əmin yerində olan , həmyerlin, qarayazılı (təkcə qarayazılımı?) gözəl şair Afiq Muxtaroğluna da demişdim: bilsəm ki, mənim dəfnimə Van Qoq, Vaqif Bayatlı, Sərdar Əsəd gələcək, o vaxt mən gündoğandan günbatana yeddi dəfə ölməyə də hazıram.
Canım-qardaşım Azər!
Sizin dirəyi büdrəyən , daşı şehləyən, ümidi ayaqüstəcə qax-qurud olan evinizdən sənin vida məktubunla qayıtdım və həmin məktubu da , sonradan İslam əminin ( "Gürcüstan" qəzetinin redaktoru hörmətli İslam Əliyevin) sənin haqqında yazısını da Mirzə Qələmə yolladım.
Əyriqarın ətəklərinə yaxın artıq təsbeh çevirən qocaya çevrilmiş Mirzə Qələm dünən mənə Herman Hessenin "Yalquzaq" adlı kitabının içində bir məktub göndərib. Oxuyuram: "Yalquzaq" intihardan vaz keçilsin deyə yazılıbmış; amma sən demə, bu kitabı oxuyanın hər yüzüncüsü "yarıtmaz rejissor" ucbatından alnının ay doğan yerinə vida düzəlişi etməli olub. Bir bulmacanı yəqin bil: Məni Azər xilas etdi. Mən heç olmasa Azərə görə yaşamalıyam. O, bu qəsdə bəlkə də məxsusi məni xilas etmək üçün qıydı.İndi mən məcbur olub yaşamalıyam: özü də elə-belə, təkcə həyat və həyət qarışıq deyil, məhz Günəş və Ay necə məcburdursa, elə məcbur yaşamalıyam."
...Sənə bunu da deyim ki, Mirzə Qələm bu günlərdə dünyaya gələcək nəvəsinə, əgər oğlan olarsa, sənin adını verəcəyini də yazmışdı...
P.S
Sən təkcə Mirzə Qələm üçün deyil, mənim üçün də həmişə diri və durusan. Yoxsa bu məhu-taban məktubunu dirilən dərdimlə yazardımmı? Qarayazıdan uzaqlarda silkələnib ulduzu tökülən gecələrə bu ürbənd üsulla dualarımı oxuyardım?..
Dünən atana zəng elədim. Nə dedim, nə demədim, kim kimə daha arazbarı təsəlli oldu? Şahismayıl müəllim mənəmi? Yoxsa mən onamı? Xatırlamıram vallah! Bir onu bilirəm ki, çölüm Qarayazıdan, içim Qaracaoğlandan oxuyurdu:
Mənə derlər: qəm yükünü sən götür,
Mənim yük götürən karvanımmı var?..
Canım-qardaşım Azər! Həmişə iyirmi yaşında qalan həm kiçik, həm ortancıl, həm də böyük qardaşım Azər!..
İbrahimxəlil