Gürcüstan parlamentinin azərbaycanlı deputatları Marneulidə əhali ilə görüş keçiriblər

altMarneulidə Gürcüstan parlamentinin azərbaycanlı deputatları ilə görüş keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə "Gürcü arzusu"nun üzvü Mahir Dərziyevlə Vahid Milli Hərəkat partiyasının üzvü Azər Süleymanov hesabat xarakterli çıxışlar ediblər.

M. Dərziyev Gürcüstanda milli azlıqların təhsili ilə bağlı hökumətin qəbul etdiyi 1+4 proqramına dair fikirlərini açıqlayıb. O, milli azlıq nümayəndələrinin ali məktəblərə qəbulu zamanı güzəştli şərtlərin ləğv edilməsinə tərəfdar olduğunu, habelə Azərbaycan dilli məktəblərdə ana dilində təhsilin əleyhinə olduğunu bildirib.

A. Süleymanov isə əks fikirlər səsləndirib.

Sonra görüş iştirakçılarının sualları cavablandırılıb.

Tədbirdə QHT üzvləri, ictimaiyyət nümayəndələri, müəllimlər, gənclər, hər iki partiyanın təmsilçiləri və jurnalistlər iştirak edib.

Qeyrət Xalq Hərəkatının sədri Əlibala Əsgərov APA-ya açıqlamasında digər azərbaycanlı deputatın görüşə qatılmadığını və ümumilikdə deputatların fəaliyyətini mənfi qiymətləndirdiyini bildirib: "Mən deputat Mahir Dərziyevin çıxışı ilə qəti razı deyiləm. Necə ola bilər ki, azərbaycanlı deputat öz ana dilində olan məktəblərin bağlanması təklifini irəli sürsün? O hansı xalqdan dəstək alıb? Xalq bu deputatları tanımır və tanımaq da istəmir. Çünki onlar xalqdan uzaq fəaliyyət göstərirlər. Bizə parlamentdə "düymə basan" deputatlar lazım deyil."

Ə. Əsgərov A. Süleymanovun çıxışına da münasibət bildirib: "O, çıxışını iqtidar-müxalifət münasibətləri prizmasından qurdu və şou yaratmağa nail oldu. Həmin gün biz yaxşı şou izlədik. Tam bir qalmaqal yaşandı. Ağız deyəni qulaq eşitmir, heç nə anlaşılmırdı".

Ə. Əsgərov gələcəkdə Gürcüstan parlamentinə azərbaycanlı namizədlərin təsadüfi seçilməyəcəyinə, xalqın içindən çıxan və gürcü dilini mükəmməl bilən gənclərin seçiləcəyinə ümidvar olduğunu bildirib: "Bizə dövlətinə, torpağına, vətəninə və millətinə bağlı gənclər lazımdır. Bizə manqurtlaşan deputatlar lazım deyil. Haqqını sökə-sökə almağı bacaran gəncliyə ehtiyacımız var".