Gürcüstanın energetika ombudsmanı parlamentdə azərbaycanlıların problemlərini qaldıracaq
Gürcüstanın energetika məsələləri üzrə ombudsmanı Salome Vardiaşvili azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonuna səfər edib.
"Dalğa TV"nin məlumatına görə, S. Vardiaşvili yerli əhali ilə görüşüb, vətəndaşların enerji, su və qaz təchizatı sahəsi ilə bağlı problemləri ilə maraqlanıb.
Görüşdə iştirak edən soydaşlarımız bürokratik əngəllərlə rastlaşdıqlarını, buna görə də hələ də bir çox kəndlərə təbii qaz verilmədiyini bildiriblər. Həmçinin Marneuli su idarəsinin əhalini keyfiyyətli su ilə təmin etmədiyi vurğulanıb. S. Vardiaşviliyə Azərbaycan və Ermənistanla həmsərhəd bölgələrdə yerləşən kəndlərə elektrik enerjisinin verilməsində yaranan problemlərə dair suallar da ünvanlanıb.
Sualları cavablandıran ombudsman görüşdə qeyd olunan problemlərin həlli üçün müvafiq qurumlara sorğu göndəriləcəyini bildirib. Eyni zamanda qeyd edib ki, səslənən sualların əksəriyyəti Gürcüstan parlamentinə seçilən azərbaycanlı deputatlara ünvanlanmalıdır. O gələcəkdə bölgədə keçiriləcək görüşlərə onları da dəvət edəcəyini deyib.
S. Vardiaşvili azərbaycanlıların kompakt yaşadığı bölgənin problemlərini martda parlamentdə çıxışı zamanı səsləndirəcəyini də bildirib.