Tbilisidə “Uşaq dünyası” və qızıl mağazası yanıb
Gürcüstanın paytaxtı Tbilisidə "Uşaq dünyası" ticarət mərkəzi və "Qızıl birja" qızıl məmulatları pavilyonunda yanğın baş verib.
APA-nın "kavkaz-uzel"ə istinadən verdiyi məlumata görə, hadisələr zamanı xəsarət alan olmayıb. 26 yanğınsöndürmə briqadası gecə saatlarında başlayan yanğını ancaq səhər söndürə bilib.
Yanğın hər iki binada çalışan sahibkarlara məxsus hər şeyi məhv edib. Hadisə yerinə Tbilisi meri və yerli hakimiyyət orqanlarının nümayəndələri gəlib. Onlar sahibkarlara kompensasiya ödənilməsi barədə danışmağın hələ tez olduğunu söyləyiblər.
Faktla bağlı cinayət işi açılıb.