Çörçilin və Qaqarinin içdiyi əfsanəvi su - Borjomi haqqında bilmədikləriniz
“Borjomi” – təbii xüsusiyyətlərinə görə yaşı 1500 ildən yuxarı olan vulkanik mənşəli mineral sudur.
Onu 8-10 km dərinlikdən yer səthinə təbii karbon qazı sıxışdırıb çıxarır. Bir çox digər hidrokarbonatlı natriumlu mineral sulardan fərqli olaraq, “Borjomi” yerin altında soyumağa imkan tapmadan “yol boyu” Qafqaz dağlarının süxurlarında olan 60 müxtəlif mineral növü ilə zənginləşərək yer səthinə ilıq halda çatır (38-41°С).
•Qədim gürcü əfsanəsinə görə, Borjomi qəsəbəsinin adı iki sözdən - “borj” (qala divarı) və “omi” (müharibə) sözlərindən yaranmışdır. Əvvəllər tez-tez müharibələr olardı, Borjomi kəndi isə dərədə çox əlverişli mövqedə yerləşmişdi. Onu əhatə edən dağlar qala divarına çevrilmiş, dağın dərəyə enən döşündə isə gözətçi qüllələri tikilmişdi.
•“Borjomi” mineral suyu öz xüsusi tərkibinə və şəfaverici xüsusiyyətlərinə görə Fransadakı Vichy-Grande-Grille bulağının və Almaniyadakı Sileziya bulağının məşhur müalicə suyundan heç də geri qalmır. Təsadüfi deyil ki, hələ yüz il bundan öncə Borjomi dərəsindəki kurortu Avropada “rus Vişisi” adlandırırdılar.
•“Borjomi” suyunun sənaye üsulu ilə doldurulub qablaşdırılmasına ilk cəhd çoxdan - 1850-ci ildə göstərilmişdi. O zaman Borjomi hərbi xəstəxanasının əczaçısı Zaxarov mineral suyu 1300 butulkaya doldurmuş və satışa çıxarmışdı
•1900-cü ildə “Borjomi” mineral suyunun istehsalı ilk dəfə ildə bir milyon butulkanı ötmüşdü.
•“Borjomi” ilk dəfə 1980-ci ildə brendə çevrilmişdir və o zaman onun ağ-qırmızı rəngli etiketi SSRİ ərazisindəki istehlakçıların hamısı arasında tanınmışdı. Hər gün bir milyona qədər yarımlitrlik butulkalarda “Borjomi” satılırdı, suyun illik istehsal həcmi isə rekord həddə - 400 milyon butulkaya çatmışdı. “Borjomi” ən məşhur su kimi tanınmaqla yanaşı, həm də bütün ölkə tarixinin bir parçasına çevrilmişdi.
•Bu gün “Borjomi” suyu 1890-cı ildəki eyni mənbədən doldurulur və Gürcüstanın Poti limanından İlyiçevsk dənizi ilə Ukrayna istehlakçısına çatdırılana kimi 2000km məsafə qət edir.
•“Borjomi” butulkasının xarakterik açıq göyə çalan yaşıl rəngi patentləşdirilmişdir və hətta onun xüsusi adı da vardır – Georgian Green (Gürcüstan yaşılı).
•“Borjomi” suyu dişlər üçün faydalıdır: bu suyun tərkibindəki ftorid və yodid ionları kariyesin yaranma ehtimalını azaldır.
•Uinston Çörçilin Sovet İttifaqına səfərləri zamanı rəsmi protokolun ayrılmaz hissəsi kimi onun qarşısında masanın üzərində hər zaman “Borjomi” butulkaları da qoyulurdu.
•Kosmosa uçuşundan sonra yerə enərkən Yuri Qaqarinin ilk istəyi “Borjomi” içmək olmuşdu. Bu barədə axtarış-xilasetmə əməliyyatlarının tibbi təminatı ilə məşğul olan professor Voloviç məlumat vermişdir.
•Məşhur sovet teatr rejissoru Georgi Tovstonoqov tamaşaların məşqlərində hər zaman onun üçün qabaqcadan “Borjomi” butulkası qoyulmuş on ikinci sırada əyləşirdi.
•“Solyaris” filminin çəkilişi zamanı solyaristikaya həsr olunmuş konfrans səhnəsində masaların üzərində “Borjomi” olurdu. Çəkiliş qrupunun üzvləri söyləyirdilər ki, hadisə uzaq gələcəkdə baş verdiyindən etiketləri kameradan gizləmək və ya düşünülmüş şəkildə hər hansı başqa etiket yapışdırmaq lazım gəlirdi. Lakin filmin rejissoru Andrey Tarkovski fikrində qəti idi – o, butulkaların üzərindəki etiketlərin oxunmasını israr edirdi. Rejissor “Borjomi”nin uzaq gələcəkdə də mövcud olacağına əmin idi.
•Təbii xüsusiyyətlərinə görə “Borjomi” suyunun artıq 1500 yaşı var, lakin onun mineral tərkibi dəyişməz qalır. Bunu 1890-cı ildən bəri həyata keçirilən daimi laboratoriya müşahidələri təsdiqləyir