Azərbaycanın ali məktəbləri Tbilisidə beynəlxalq sərgidə iştirak edir

Azərbaycan-Fransız Universiteti (UFAZ) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən beynəlxalq təhsil sərgisində iştirak edir.

APA-nın yerli bürosunun məlumatına əsasən, hər iki ali məktəbin nümayəndələri sərgi ziyarətçilərinə ali məktəbdə mövcud ixtisaslar, xarici tələbələr üçün qəbul qaydaları və təqaüd proqramları barədə məlumat veriblər.

UFAZ-ın PR meneceri Nəzrin Mirzəyeva ziyarətçilərin ali məktəbə böyük maraq göstərdiklərini bildirib: “Ali məktəbin həm UFAZ, həm də Strasburq Universitetinin diplomunu təqdim etməsi gənclərin böyük marağına səbəb olub”.

ADNSU-nun təmsilçisi Leyla Nağıyeva gənclərin daha çox ali məktəbin mübadilə proqramları ilə maraqlandıqlarını qeyd edib.

Qeyd edək ki, beynəlxalq təhsil sərgisinin keçirilməsində məqsəd gənclərə gələcəklərini planlaşdırmağa və düzgün qərar verməyə kömək etməkdir. Sərgidə yerli və xarici dövlət və özəl universitetlər, beynəlxalq təşkilat, müxtəlif ölkələrin səfirlik və təhsil şirkətləri  iştirak edir. Onlar sərgini ziyarət edən gənclərə xaricdə təhsil, təqaüd və təcrübə proqramları barədə məlumatlar təqdim ediblər.