İran prezidentinə qarşı aksiya; Ruhaniyə ayaqqabı atdılar
İran prezidenti Həsən Ruhaninin BMT-nin Baş Assambleyasında iştirakı zamanı Amerika prezidenti Barak Obama ilə telefon danışığı ölkədə birmənalı qarşılanmayıb. Tehran hava limanında Ruhaninin müxalifləri və tərəfdarları toplaşaraq onun əleyhinə və lehinə şüarlar səsləndiriblər. “Mehr” agentliyinin məlumatına görə, prezidentin müxaliflərindən biri Ruhaniyə tərəf ayaqqabı atıb. Agentlik aksiyada iştirak edən müxaliflərin sayının 100 nəfər olduğunu bildirib. Onlar Ruhaninin kortejinin keçdiyi yolun ortasında namaz qılmağa başlayıb və prezidentin kortejinin hərəkətini dayandırmağa çalışıblar. Bu səbəbdən prezidentin hərəkəti yubanıb. Müxaliflərin qarşısında Ruhaninin tərəfdarları toplaşaraq prezidentə dəstək nümayiş etdiriblər. Onlar prezidentin qarşısında qurbanlar kəsərək, müxtəlif şüarlar səsləndiriblər.
Xatırladaq ki, Ruhani Nyu-Yorka BMT Baş Assambleyasının toplantısında iştirak etmək üçün səfər etmişdi. O, səfər çərçivəsində ABŞ prezidenti Barak Obama ilə telefonla danışıb. Bu, İranda baş verən islam inqilabından keçən 34 il ərzində iki ölkənin prezidentləri arasında ilk birbaşa təmas olub.