Avropa Birliyi ilə Türkiyə arasında üzvlük müzakirələri yenidən başlayıb
Avropa Birliyi ilə Türkiyə arasında üzvlük müzakirələri 3 illik fasilədən sonra bərpa olunub. APA-nın xəbərinə görə, bunu AB-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle açıqlayıb. O bildirib ki, tərəflər “Regional siyasət və struktur alətlərin əlaqələndirilməsi” adlanan 14-cü fəsil üzrə müzakirələrə başlayacaqlar: “Türkiyə AB üçün önəmli tərəfdaş olub və belə də qalır. Mən çox ümid edirəm ki, biz növbəti fəsilə keçmək üçün bu qədər gözləməyəcəyik”.
Ş. Füle noyabrın 7-8-də Türkiyəyə səfər edərək bu məsələlərlə bağlı danışıqlar aparacağını söyləyib.
Qeyd edək ki, AB ilə Türkiyə arasında müzakirə prosesi 2005-ci il oktyabrın 3-də başlayıb. Ümumən 33 fəsildən 13-ü müzakirə üçün açılıb.