Gürcüstanda Saakaşvili dönəmində “qanuni oğru”lara qarşı qəbul edilən qanun dəyişdirilməyəcək

altGürcüstanda Saakaşvili dönəmində “qanuni oğru”lara qarşı qəbul edilən qanun dəyişdirilməyəcək.

APA - nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, bunu hökumətin toplantısından öncə jurnalistlərin suallarını cavablandıran baş nazir İrakli Qaribaşvili deyib.

Qeyd edək ki, “Gürcü arzusu” koalisiyasına daxil olan bəzi siyasətçilər zaman-zaman “qanuni oğrulara” qarşı mübarizəni nəzərdə tutan qanunun yenidən nəzərdən keçirilməsinin vacibliyini önə çəkib. Hakimiyyət dəyişikliyindən sonra həmin qanuna düzəlişlərin ediləcyi gözlənilsə də, hələlik bu baş verməyib.

Parlamentdə “Gürcü arzusu”nun liderlərindən biri olan, Hüquq məsələləri komitəsinin sədri Vaxtanq Xmaladze bu gün keçirdiyi brifinqdə bildirib ki, Cinayət Məcəlləsinin “oğru dünyası”na mənsubiyyət haqda maddəsinə yenidən baxılmalıdır.

“Bu qanun xoşuma gəlmir. Vaxtilə o qəbul ediləndə, öz fikrimi bildirmişdim. Cinayət əməlinə qiymət dəqiq olmalıdır. Dəqiq müəyyən olunmalıdır ki, “qanuni oğru” və “oğru mentaliteti” anlayışları nədir. Məsələn, deyək ki, mənim oğrulardan və oğrular arasındakı münasibətlərindən xoşum gəlir. Buna görə məni həbsxanaya atmaq olmaz”, - deyə o vurğulayıb.