Türkiyədə sərnişin təyyarəsini Soçiyə qaçırmağa cəhd olub
Pilot təyyarəni İstanbulun Sabiha Gökçən Hava Limanına endirib.
Lakin hələ də üstündə bomba olduğunu deyən şəxs və sərnişinlər təyyarənin içindədir.
Türkiyənin “Pegasus” şirkətinə məxsus olan təyyarəni bomba ilə təhdid edən şəxsin ukraynalı olduğu bildirilir.
Məlumata görə, sərnişinin bu hərəkətindən sonra pilotun mərkəzə verdiyi siqnalla Balıkesirdəki F-16 döyüş təyyarəsi havaya qaldırılıb.
Türkiyənin Nəqliyyat Nazirliyinin hadisə ilə bağlı yaydığı açıqlamada bildirilib ki, Xarkov- Sabiha Gökçen reysini həyata keçirən və “Pegasus” şirkətinə məxsus, içərisində 110 nəfər sərnişinin olduğu təyyarə sərnişinlərdən birinin bomba təhdidindən sonra təhlükəsiz şəkildə Sabiha Gökçen Hava Limanına endirilib.
Nazirlik bildirib ki, təyyarə ətrafında təhlükəsizlik tədbirləri görülüb.
Qeyd edək ki, bu gün Soçidə XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilir.