Batumi şəhərində Xocalı Soyqırımının 22-ci ildönümünə həsr olunmuş mərasim keçirilib

altAzərbaycanın Gürcüstanın Batumi şəhərindəki baş konsulluğu tərəfindən Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.

            Tədbiri baş konsul Hüseyn Nəcəfov açaraq   bildirib ki,"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərində yüzlərlə günahsız dinc əhaliyə o cümlədən, qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayətlər törədiblər. Nəticədə, fevralın 26-ı Xocalı tam alova büründü. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü vəhşicəsinə öldurülüb. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i yaşlılar olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Bu soyqırımı qəddarlıq tanınan aktı kimi, Xocalıda mülki əhaliyə qarşı deyil, bütün bəşəriyyətin indiyədək görünməmiş cinayət idi. Xocalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanıb. Məhz, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti fevralın 26-sı Xocalı soyqırımı günü elan edib".

            Mərasimdə çıxış edən, Batumi şəhər Gənclər təşkilatının sədri Nino Çxaidze qeyd edib ki, Xocalı faciəsi Azərbaycan xalqına və insanlığa qarşı ən ağır törədilmiş cinayətlərdən biridir.

            Azərbaycanlıların Acarıstandakı Mədəniyyət Mərkəzinin rəhbəri Vidadi Axundov bildirib ki, bu gün Azərbaycan dünya birliyinə dinc əhaliyə qarşı soyqırımı, Xocalı faciəsinin tanınması, o cümlədən Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş bir çox cinayətlər haqqında həqiqəti çatdırmaq üçün məqsədyönlü və ardıcıl fəaliyyət həyata keçirir.

            Mərasimdə Batumi Dövlət Universitetinin professoru, elmlər doktoru Rostom Quntaişvili baş vermiş faciəyə hüquqi qiymət vermiş və Azərbaycan xalqına qarşı edilmiş soyqırım kimi xarakterizə edib. R.Guntaşivili iştirak edən qonaqları qardaş xalqa dəstək verməyə çağırıb.

            Sonda Hüseyn Nəcəfov qeyd edib ki,"Ötən müddət ərzində "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın 60-a yaxın ölkəsində müxtəlif tədbirlər həyata keçirilib. 57 iştirakçı ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini Azərbaycanın dinc əhalisinə qarşı Ermənistanın silahlı qüvvələri tərəfindən törədilmiş soyqırım aktı kimi tanıyıb və faciəni insanlığa qarşı cinayət adlandırıb. Bu gün həmçinin, Xocalı soyqırımı Pakistan, Meksika, Çexiya, Kolumbiya, ABŞ-nın Massaçutets, Texas, Corciya, Nyu-Cersi, Men, Nyu-Meksiko və Arkanzas ştatları tərəfindən tanıyıb"

            Anım mərasimində Heydər Əliyev Fondun dəstəyi ilə lentə alınmış "Xocalı soyqırımı" adlı sənədli filmi, eləcə də, amerikalı rep-ifaçı Toni Blekmen və "Dəyirman" qrupunun ifasında "Xocalıya ədalət" ("Justice for Khojaly") musiqi klipi nümayiş olunub.

            Tədbirin sonunda iştirakçılara foto-sərgi, press-relizlər, "Xocalıya ədalət" musiqi klipinin CD-si, eləcə də Xocalı soyqırımına həsr edilmiş digər materiallar təqdim olunub.

            Mərasim iştirakçıları Xocalı soyqırımı zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.