Şərqi Ukraynanın Rusiyaya birləşdirilməsi üçün aksiya keçirilib

altUkraynanın Donetsk şəhərinin mərkəzindəki Lenin meydanında ötən gün axşam saatlarında keçirilmiş mitinqdə 3 min nəfərədək insan iştirak edib.
7/24news APA-ya istinadən xəbər verir ki, mitinq iştirakçıları ölkənin federallaşdırılmasını və Şərqi Ukraynanın Rusiyaya birləşdirilməsini tələb ediblər.

Aksiya iştirakçıları Donetskin taleyini həll edəcək referendumun keçirilməsinə nail olmaq niyyətində olduqlarını bildiriblər. Əllərində Rusiya dövlət bayraqları, habelə “Donetsk respublikası” və “Şərq cəbhə”sinin bayraqlarını tutan aksiya iştirakçıları mərkəzi hakimiyyət, Qərb və NATO əleyhinə şüarlar səsləndiriblər.

Mitinq zamanı “Russkiy blok” təşkilatının fəalları rus dilinin statusu, Ukraynanın Gömrük İttifaqına qoşulması, NATO ilə əməkdaşlıq məsələlərinə dair sorğu keçiriblər.

Qeyd edək ki, bu gün də Donetskdə bölgənin statusuna dair referendumun keçirilməsi tələbi ilə aksiyanın keçirilməsi gözlənilir.