Ayətullah Xamnəi: 95 milyard dollarlıq sərvətin sahibi cangüdənlərindən borc alır - PORTRETƏ CİZGİLƏR
Ayətullah Xamnəi keçirdiyi prostat əməliyyatı ilə bir daha gündəmə damğasını vurdu. Hərgah özü əməliyyatın “bəsit və normal“ olduğunu dilə gətirsə də, dünya dörd gözlə nəticəni gözləyir. Çünki söhbət Yaxın Şərqdə strateji mövqeyi və gücü ilə söz sahibi olan bir ölkənin liderindən gedir. Və taleyin, qədərin vəfasızlığı təkcə bir ölkənin deyil, bütün bölgənin gələcəyini dəyişə bilər.
“Əlbəttə, bu, xalqımızdan dua istəmədiyim mənasına gəlmir”, – deyən Tehran xəstəxanasının pasienti də elə buna işarə edir.
Modern.az-ın bu yazısında aqibətini taleyin cilvəsinə yox, Allaha bağlamış İran İslam Respublikasının dini liderinin portretinə bəzi cizgilər verməyə cəhd edəcəyik.
Qara əmmaməli adamın “qaranlıq həyatı”
Bir çox nüfuzlu nəşrlərin və araşdırma mərkəzlərinin dünya liderləri cərgəsinə saldığı Ayətullah Xamnəinin rəsmi tərcümeyi-halı geniş bilgi toplumu sayıla bilməz. Çünki onda yalnız dini-siyasi fəaliyyət əksini tapıb və illər boyu Ali Məqamlı Rəhbər titulu daşıyan Seyid Əli Xamnəinin şəxsi həyatı, ailəsi, alışqanlıqları, şakərləri və ən əsası da misilsiz sərvəti haqqında dedi-qodular gün işığına çıxmır.
İnsan təsəvvüründə hər bir dövlət başçısı mütləq şəkildə zəngin şəxsdir. Bunun əksini iddia edənə sonadək qulaq kəsdirən çətin ki tapıla. Hətta söylənənə iki gözü ilə şahid olan da şübhə torbasını beynindən atmağa tələsməyəcək. Qısası, işi qurama, başaldatma sayacaq.
Ayətullah Xamnəi haqda da belə deyilir. Yəni iddia olunur ki, onun sərvəti 95 milyard dolları çoxdan aşıb. Bu nəhəng sərvətin (ailənin digər üzvlərinin kapitalı nəzərə alınmadan) böyük hissəsi isə İrandan kənarda, xarici banklar və sərmayə qoyuluşlarındadır. İddianı əsassız və qərəzli hesab edən digər kəsim isə deyir ki, o, çox sadə, xudmani həyat keçirir və tez-tez ehtiyacı olduğundan yaxın bildiyi adamlardan borc alır.
Əslində Xamnəinin gündəlik həyatı, ailəsi və sərvəti haqqında bütün iddialar üçüncü şəxslərin dilindən çıxdığından nəyin doğru, nəyi yalan olduğunu özündən və Allahdan başqa kimsə dəqiq bilmir.
Xamnəi, Xamnəyi, Xamenei...
Bu müxtəlif yazılışlı adlardan yalnız biri – birincisi doğrudur. Çünki miladi təqvimlə 1939-cu il iyulun 17-də Məşhəddə dünyaya gəlmiş İranın ali dini lideri nəsil-şəcərə baxımından Xamnə (danışıq dilində “Xumnə”) qəsəbəsindəndir. Şərqi Azərbaycan vilayətinin Şəbüstər mahalında yerləşən bu ərazisinə görə kiçik, amma şöhrətinə görə böyük yaşayış məskənindən daha kimlər çıxmayıb: Arazın bu tayında tanınan (taleyin ironiyasına bax!) – Mirzə Fətəli Axundzadə, Məmmədmübariz Əlizadə (Zərdüşt və Araz Əlizadələrin atası), o tayda – Şeyx Məhəmməd Xiyabani, Mir Hüseyn Musəvi (Xamnəi)...
Məşhəddə Seyid Cavad Xamnəinin evində anadan olmuş İranın hazırkı müəzzəm rəhbəri uşaqlığını belə xatırlayır: “Doğulduğum ev Məşhədin yoxsul bir məhəlləsində yerləşirdi. Ev 60-70 metrlik bir otaq və qaranlıq bir zirzəmidən ibarət idi. Atamın yanına qonaqlar gəldiyi zaman (o, ruhani və məhəlləmizin mərcəyi-təqlidi olduğu üçün adətən, evimiz gediş-gəlişli olardı) onlar gedənə kimi hamımız zirzəmidə qalardıq. Atama rəğbəti olan bir neçə nəfər yaxınlıqdakı kiçik bir ərazini alaraq evimizə əlavə etdilər. Bununla da evimiz genişlənərək üçotaqlı oldu.
Atam məşhur ruhani olsa da, sadə və yoxsul yaşayırdıq. Bəzən evimizdə şam yeməyi olmadığından anam bizə kişmişlə çörək yedizdirərdi”.
Möhnətin nə olduğunu kiçik yaşlarından dadmış Ayətullah Xamnəinin indi ləziz yeməklərin düzüldüyü süfrə başında oturması, ağız tamını tamam dəyişməsi - müxaliflərinin iddiası, uşaqlıq illərində olduğu (üstəlik, əsl mütəvazi zahid həyat keçirən ruhani) kimi eyni sadə mətbəxlə kifayətlənməsi - tərəfdarlarının iddisıdır. Məsələn...
“Həkimlər ona qara kürü və Lar çayından tutulan alabalıq yeməsini tövsiyə edirlər. Hazırda bu iki qida onun şəxsi menyusu halı alıb. Qara kürünü Rəştdən şəhərin imam-cüməsi göndərir. Qırqovul Şirasdan gətirilir. Xolesteroldan yayınmaq üçün bildirçin və dəvəquşu ətindən də istifadə edir. 500 min dollarlıq bir aparat yeməklərin zəhərli olub-olmadığını yoxlayır və bu test cihaz Amerikadan alınıb”.
Bu qeydləri öz facebook səhifəsində 2009-cu ildə iranlı kinorejissor və hakim rejimə müxalifliyi ilə tanınan Möhsün Möhməlbaf açıqlayıb. Mir Hüseyn Musəviyə yaxınlığı ilə seçilən “yaşıl inqilabı” fəalı.
İnqilab Qvardiyasının sabiq rəhbəri Yəhya Rahim Səfəvi də bir xatirə bölüşüb. Tam əksini isbatlayan xatirə. O deyib ki, Xamnəinin yaşadığı evdə nahar yeməyinə qalıb və yeməyin yalnız qayğanaqdan ibarət olduğunu görəndə çox təəccüblənib.
Möhməlbaf dini liderin həftəlik görüş proqramlarında da iki süfrə ziyafəti xüsusi qeyd edir: bazar ertəsi günü – İran prezidenti, çərşənbə axşamı – Mühafizə Şurası və çərşənbə – Konstitusiya Şurası rəhbərləri ilə... və s.
Ayətullah Xamnəinin gündəlik proqramı haqqında iranlı rejissorun iddiası da maraq doğurur:
04.00: Yuxudan oyanma və ibadət
06.00-06.30: Təhlükəsizlik Xidməti rəhbəri ilə toplantı
06.30-07.00: Yaşadığı iqamətgahın təsərrüfatçısı ilə toplantı
07.00-08.00: Oğlu Müctəba ilə (həftədə 3 dəfə) toplantı
08.00-10.30: Kəşfiyyat, siyasət və iqtisadi hesabatların nəzərdən keçirmə.
10.30-12.00: Günorta yuxusu və istirahət
12.00-13.00: Camaat namazı və günorta yeməyi
13.00-15.00: Toplantılar
15.00-17.00: Şəxsi məsələlər
17.00-20.00: Özəl toplantılar
20.00-20.30: Axşam yeməyi
20.30-21.00: Son qeydləri dinləmə
21.00: Yatmağa hazırlıq...
Ali Məqamlı Rəhbərin asidə vaxtı: alpinizm, kitab...
Kim nə deyirsə desin, gərgin iş qrafiki olan Rəhbərin asudə vaxtı necə keçirməsi də mübahisəli və ixtilaflı mövzudur. M. Möhməlbaf iddia edir ki, Xamnəinin əsas şakərlərindən biri (bunu onun yayımladığı köhnə bir foto da əyani isbatlayır) alpinizm və at çapmadır. “1999-cu ildə Xamnəi tək əli işlək olduğundan atdan yıxılıb qolunu qırdı”, – iddiasında bulunan kinorejissor deyir ki, Xamnəi ailəsi ümumi dəyəri 40 milyon dollar olan 100 başlıq yüyrək at ilxısına malikdir.
Yeri gəlmişkən, 1981-ci ildə cümə xütbəsi zamanı baş verən sui-qəsd cəhdindən sonra İran liderinin sağ əli şikəstdir. Buna görə də hətta kameralar qarşısında seçki qutusuna bülleten atarkən və ya mühüm sənədlərə imza atan liderin “solaxaylığı” təəccüblü görünməməlidir.
Gənclik illərində qırmızı rəngli “Volsvagen”i olan Rəhbərin avtomobilə xüsusi ehtirası heç vaxt olmayıb. Amma...
Möhməlbafın digər iddiasına görə, Ayətullah Xamnəinin digər hobbisi Qacar xanədanı, xüsusən Nəsrəddin şah dönəminə dair tarixi əsərlərdir. "Lakin geniş mütaliəyə əsla vaxtı yoxdur". Yaxın çevrə və digər şahidlər bu iddianı təkzib edir və böyük ehtimalla kinorejissorun söylədiyi iftiradır. Gündəlik mətbuat icmalından başqa, ali dini rəhbər bədii ədəbiyyata geniş maraq göstərir. Buna çoxsaylı sübutlar var. Məsələn, höccətül-islam Məhəmmədi Gülpayiqani xatırlayır: “Böyük Rəhbər öd kisəsini cərrahiyyə əməliyyatı elətdirmək üçün xəstəxanada yatırdı. Mən, höccətül-islam Məhəmmədi Əli Zəm və digər bir neçə qələm əhli olan dostlarla onun görüşünə getdik. O görüşdə Ayətullah Xamnəi bir neçə romanın adını çəkdi. Onların hamısını xəstəxanada müalicə olunan vaxt oxumuşdu. Kitabların adları bizim üçün yeni idi. Odur ki, utandığımızdan başımızı aşağı salmışdıq...”
Ola bilsin ki, bu kitablar arasında Tolstoyun əsərləri də varmış. Ayətullah Xamnəinin dediyinə görə, oxuduğu kitablar arasında ən çox bəyəndiyi 3 roman var. Onlardan biri cavanlığında oxuduğu Mixail Şoloxovun “Sakit Don” romanıdır. Lev Tolstoyun adını da o, məhz bu açıqlamanı verərkən çəkib.
Höccətül-islam Şirazi deyir: “Ayətullah Xamnəi oxuduğu kitablara haşiyə yazardı. Bu adət onda cavanlıqdan vardı. Yanına yenicə çapdan çıxmış bir romanı aparanda artıq həmin kitabı oxuduğunu deyərdi. Elə məşhur bir kitab yox idi ki, ondan xəbəri olmasın. Kitab oxumağa xüsusi proqram tutmuş, vaxt ayırmışdı. Məsələn, bir müddət rus ədəbiyyatının mütaliəsi ilə məşğul olurdu. Sonra bu minvalla başqa xalqların ədəbiyyatını mütaliə etməyə keçirdi”.
“Kitab mütaliəsi xalqımızda, xüsusən də gənclərimizdə həmişəlik vərdişə çevrilməli, ailələrin istehlak səbətində məqbul bir paya malik olmalıdır”. Bu, Xamnəinin öz dilindən çıxan sözlərdir: “Kitab istehsalı, tərcüməsi və nəşri cəmiyyətin intellektual ehtiyaclarının, bu sahədəki boşluqların aradan qaldırılmasına xidmət etməlidir. Hazırda müşahidə olunan bir neçə minlik tirajlar və təkrar nəşrlər 75 milyonluq əhalisi və geniş miqyaslı gəncliyi olan bir ölkəyə yaraşmaz”, – sitatın ardı.
Ayətullah Xamnəinin şeiriyyatdan uzaq dolanmadığı da iddialar arasındadır. Onun öz qələmindən çıxan misraları görən olmasa da, Ustad Şəhriyarla dostluğu geniş məlumdur. Onların bir yerdə, səlis azəri türkcəsində şeir deyişməsi YouTube-da xeyli izləyici toplayıb. Lakin müxalifləri Böyük Rəhbərin qəzəbinə tuş gəlmiş şairləri də sıralayırlar. O cümlədən 2000-ci ildə vəfat etmiş azərbaycanlı şair Əhməd Şamlunu...
“Şəkli yayımlamayın!”
Köhnə alışqanlıqlarından biri siqaret olan Rəhbər onu, deyilənə görə, öz hökumətində baş nazir olmuş Mir Hüseyn Musəvi ilə eyni gündə tərgidib. Həmşəhrilər sözləşiblər. Doğrudur, bir müddət Xamnəinin qəlyan çəkdiyi də gözə görünüb (fotolar sübutdur və iddialara görə bu köhnə fotoların yayımlanmasına özü qadağa qoyub). Hətta iddia olunur ki, Rəhbərin böyük qəlyan kolleksiyası var.
Şəxsi kolleksiyadan söz düşmüşkən, onda bahalı əqiq üzüklərin (300) və əsaların (170 ədəd) olduğu söylənir.
Geyim məsələsinə dair də iddialar çeşidlidir. Möhməlbafa görə, Ayətullah Xamnəinin hətta birinin 30 min dollar qiyməti olan dəvə yunundan toxunmuş 120 cübbəsi var.
Ali dini rəhbərin bioqrafı kimi tanınan Vaşinqton İnstitutunun Yaxın Şərq siyasəti üzrə eksperti Mehdi Xələci deyir ki, Xamnəinin geyimləri ən yaxşı materialdan tikilir: “Bəzən çox bahalı parça olur. O, bunları özü almır, hədiyyə, ianə kimi qəbul edir. Onun evində dəbdəbəli həyatın izi yoxdur. İran qanunlarına əsasən, ali dini xadim üçün maaş təyin edilmir. Prezidentin maaşı var, nazirlərin, deputatların da. Dini qurumlardan ödəniş aldığından Xamnəinin aylıq maaşı yoxdur. O, öz xərclərini ödəməyi bacarır. Borc alması ilə bağlı deyilənlər isə şişirdilib. Onun dəbdəbədən kənar əxlaqlı həyat tərzi var”.
Rəhbərin sadə “dəbdəbə”si
İranın ali dini lideri tez-tez nağd pula ehtiyac duyur. Ona görə də şəxsi mühafizəçilərindən borc alır. Bu barədə “Fars” xəbər agentliyinə müsahibəsində köhnə dostu və yardımçılarından biri Ayətullah Rəsulu Məlahəti bildirib: “Mən ona pul aparanda bəzən eşidirəm ki, deyir: "Rza, gəl, borcumu qaytarım”. Ağayi Məlahəti liderin dolanışıq üçün Tehrandakı evini icarəyə verdiyini qeyd edib. “Mən bəzən onun şəxsi kabinetində oluram. Onun evində yalnız bir xalçası var. Təbriz xalçasıdır, özü də köhnəlib, bəzi yerlərdə sapları yeyilib”.
Söz düşmüşkən, xalça İranda zənginliyin rəmzidir. Xalçalarınızın sayı sizin sosial binanın hansı mərtəbəsində olduğuna dəlalət edir.
Ekspertlər Məclisinin (Məclese Xobreqan) üzvü Ayətullah Əbülhəsən Məhdəvi də dünya malında gözü olmayan Xamnəi haqda maraqlı bir fakt deyir: “Bəzən məndən borc alır. Onun sərəncamında külli miqdarda pul var, amma o, bir quruşu da öz ehtiyaclarına xərcləmir”.
Qumdakı elmi-dini hövzənin tanınan siması Ayətullah Ruhullah Qərəhi deyib ki, həkim Xamnəiyə kürəyindəki ağrılara görə divanda oturmağı məsləhət görüb: "Onlar da kiçik divan alıblar, daha doğrusu, divanın bir hissəsini, hamısını yox. Həmin vaxt xanımı Məşhədə ziyarətə gedibmiş. Qayıdanda evdə divanı görüb, götürüb onu bağçanın qapısı ağzına qoyub. Xamnəi evə dönəndə görüb ki, divan qapının ağzındadır. O, arvadından divanı niyə atdığını soruşub. Xanımı da cavab verib ki, bizi dəbdəbəli həyata sürükləmək istəyirsən? Xamnəi gülərək deyib ki, bu, dəbdəbədirsə, çox kiçik dəbədədir. O, izah edib ki, divanı ona həkim məsləhət görüb. Bundan sonra xanımı divanı saxlamağa razılaşıb...”
Ayətullah Xamnəinin ailə üzvlərini tanıtmanın əsl məqamıdır:
Xanımı – Xocəstə Bağırzadə
Övladları – Müctəba, Mustafa, Məsud, Meysəm, Xuda, Büşra.
“Əli ağır”, hökmlü hakim
Özü İranın ilk ali dini rəhbəri Ayətullah Xomeyninin dönəmində İranın sayca 3-cü prezidenti (Bənisədr və Rəcaidən sonra) olmuş Ayətullah Xamnəi 4 prezidentə etimadnamə verib: Haşimi-Rəfsəncani, Xatəmi, Əhmədinejad və Ruhani. Konstitusiya və “Vilayəti fəqih” nəzəriyyəsi ona böyük səlahiyyətlər verir. Bu səlahiyyətlər təkcə siyasi çərçivəylə məhdudlaşmır, həm də dini liderliyi ehtiva edir.
Xamnəi hər zaman cəmiyyətdə vasitəçi, barışdırıcı sima kimi təqdim edilir. Onu siyasi qruplaşmalardan çəkinməsinə, açıq qovğalara girməməsinə görə tənqid edənlər Rəhbərin sayıqlığını və hökmlülüyünü 2009-cu ildə əyani görə bildilər. Böyük mübahisələr və qarşıdurmalar doğurmuş prezident seçkiləri zamanı Mir Hüseyn Musəvini dəstəkləyən yalnız burjua sinfi deyildi. Aralarında nüfuzlu din xadimləri də olan “yaşıl inqilab” tərəfdarları haqda bir Cümə xütbəsində sərt sözlər (“o cümlədən “mənfur” kəlməsi) işlədən Ayətullah Xamnəinin nüfuzu hazırda dəlil-sübut tələb eləmir.
Əcnəbi mənbələr və xaricdəki İran müxalifləri Rəhbərin “gizli sərvəti” haqda müxtəlif rəqəmlər açıqlayırlar. Məsələn, Reuters agentliyi Xamnəinin 95 milyard dollarlıq varidata malik olduğunu iddia edir. Bu, doğru ola bilər. Amma qismən. Çünki rəsmən heç bir maaş almayan və kommersiya ilə məşğul olmayan Ayətullah Xamnəi digər nüfuzlu ruhanilər kimi böyük sərvəti idarə edir. Əsasən çoxsaylı fondlara yatırılan xüms və ianələr, bəxşişlər. Şəriət onlara bu malın bir hissəsini öz ehtiyacları üçün xərcləməyə izn verir. Lakin...
İranda ticarətdə bəxti gətirmiş, yaxud başqa sahələrdə iri sərmayədar kimi tanınan din xadimləri az deyil. Lakin (hamısı olmasa da) ixtiyarındakı böyük varidatın bir quruşuna belə kəm baxmayan, zahid həyatı keçirən, ixlasına şəkk gətirilməyən ruhanilər hələ də qalmaqdadır. Bu səbəbdən cəmiyyətdə din xadimlərinin nüfuzu və kütləyə təsir qüvvəsi sarsılmır.