Gürcüstanın dövlət naziri Azərbaycan dilli jurnalistlərlə görüşüb

altBu gün Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli mətbuat nümayəndələrinin Gürcüstanın barış ve vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili ilə göruşü keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə çıxış edən Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Zillioğlu Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli mətbuat orqanlarının problemlərindən danışıb.

Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin təşəbbüsü ilə baş tutan görüşdə iştirak edən jurnalistlər mətbuatın problemlərindən, informasiya qıtlığının aradan qaldırılması yollarından, habelə mətbuata qərəzli yazıların yol açmasından, jurnalist etikasından, mətbuata dövlət qayğısından və sürətli inteqrasiyaya mane olan əngəllərdən söz açıblar.

P. Zakareişvili ona verilən sualları ətraflı cavablandırıb və belə görüşlərin gələcəkdə də davam etdiriləcəyinin vacibliyini vurğulayıb.

Görüş zamanı dövlət naziri azərbaycanlıların kompakt yaşadığı bölgələrdə informasiya qıtlığının aradan qaldırılması üçün regional televiziyanın açılmasının, gürcü və Azərbaycan mətbuatında xalqlarımızın tarixi dostluğundan bəhs edən yazıların dərc olunmasının önəmini önə çəkib. O həmçinin Tiflisdə fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrı barədə, Azərbaycan dilli mətbuatın durumu, mətbuata dövlət qayğısı və inteqrasiya prosesində qarşıya çıxan problemlərin həllində dövlət idarələrinin daha fəal çalışması və son vaxtlar Adigeni rayonunda dini zəmində baş verən hadisələr barədə danışıb.

Tədbirdə Gürcüstan baş nazirinin köməkçisi Savalan Mirzəyevlə barış ve vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo-Kartli bölgəsi üzrə nümayəndəsi Zaur Darğallı çıxış edib.