Ukrayna Ali Radasının qarşısında nümayişçilər polisə qumbara atıb, yaralılar var - FOTO
Bu gün Ukrayna Ali Radası “Ukrayna Konstitusiyasına dəyişikliklər edilməsi (hakimiyyətin qeyri-mərkəzləşdirilməsi) haqqında” qanun layihəsini müzakirə edərkən parlament binasının qarşısında nümayişçilərlə polis arasında toqquşma baş verib.
"DalğaTV"-nin “112.ua” saytına istinadən verdiyi məlumata görə, mitinqçilərin arasından polislərə doğru qumbara atılıb. Nəticədə hüquq-mühafizə orqanlarının təxminən 30 əməkdaşı yaralanıb. Hadisə yerinə təcili yardım maşınları gəlib və yaralılar xəstəxanaya çatdırılıb. Milli Qvardiyadan bildirilib ki, qvardiyanın 20-yə əməkdaşı zərər çəkib. Onlardan ikisinin vəziyyəti ağırdır.
“112” telekanalının əməkdaşı hüquq-mühafizə orqanlarının əməkdaşlarına tərəf 2 qumbaranın atıldığını xəbər verib.
Qeyd edək ki, Ali Rada ölkədə siyasi gərginliyə səbəb olan “Ukrayna Konstitusiyasına dəyişikliklər edilməsi (hakimiyyətin qeyri-mərkəzləşdirilməsi) haqqında” qanun layihəsini ilk oxunuşda qəbul edib. Layihənin lehinə 265 deputat səs verib. Birinci oxunuşdan keçdikdən sonra sənədin qəbulu üçün konstitusion çoxluq – 300 səs tələb olunur. Hakim koalisiyaya daxil olan siyasi qüvvələrdən üçü – “Samopomiç”, Radikal Partiyası və “Yuliya Timoşenkonun bloku” sənədə səs verməyəcəklərini bəyan ediblər.