Tiflisdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan konsert keçirilib
Gürcüstan payataxtında Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Abşeron rayonu Xırdalan şəhər musiqi məktəbinin orkestrinin iştirakı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan konsert keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, konsertdə gürcü və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbiri muzeyin əməkdaşı Leyla Əliyeva açıb. Sonra İkram Manafov Abşeron rayonu Xırdalan şəhər musiqi məktəbinin direktoru İkram Manafov açaraq artıq üçüncü dəfədir ki, Gürcüstana səfər etdiklərini bildirib: "Biz neçə illərdir ki, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi ilə beynəlxalq əməkdaşlıq çərçivəsində əlaələr yaratmışıq və həmçinin muzeydə həyata keçirilən tədbirlərdə uğurla çıxışlar edirik. Bu səfərimiz 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədardır. biz Tiflisdə dahi sənətkarımız Rəşid Behbudovun 100 illik yubileyində də iştirak edəcəyik. Biz səfər çərçivəsində Tiflisdəki musiqi məktəbləri ilə əlaqələr yaradıb musiqimizi təbliğ edəcəyik".
Sonra Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeydə Xırdalan şəhər musiqi məktəbinin orkestrinin iştirakı ilə çıxış edən gənc musiqiçilərdən İsmayıl İsayev, Pərvin Həsənov, Hafiz Orucov, Zaur Tağıyev və başqaları Azərbaycan, vətən haqqında, həmçinin Rəşid Behbudovun mahnılarını oxuyub, saz havaları və klassik musiqi nömrələri səsləndiriblər. Tədbirdə nağara çalanlar musiqi nömrələri ifa ediblər.
Sabah Xırdalan şəhər musiqi məktəbinin orkestri Xaşuri rayonuna yola düşəcək.